Ermənistanın Çexiya və Qırğızıstanda hərbi attaşeləri olacaq.
Teleqraf.com xəbər verir ki, müvafiq qərar layihələri Ermənistan hökumətinin yanvarın 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilib
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Çexiyada hərbi attaşenin olması zərurəti iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın böyük potensialı və son dövrdə iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsinə olan böyük maraqla bağlıdır.
Nazirlik qeyd edib ki, Çexiya ilə hərbi-texniki sahədə, xüsusən də hərbi təyinatlı məhsulların ixracı və idxalı, o cümlədən tədarükü və alınması, eləcə də işlənməsi və istehsalı ilə bağlı əməkdaşlıq planlaşdırılır.
Qurum Çexiyanı “Ermənistan-NATO dialoqunun gücləndirilməsi üçün körpü” adlandırıb.
Qırğızıstana gəlincə, Müdafiə Nazirliyinin fikrincə, burada hərbi attaşenin olması iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə, bu müdafiə sahəsində birgə tədbirlərin həyata keçirilməsinə yeni təkan verəcək. Məlumatda qeyd edilir ki, hərbi attaşenin olması müdafiə sahəsində Ermənistan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəyə qaldırılmasını təmin edəcək.