Ermənistan Konstitusiyasını “müqəddəs inək” hesab etməyin əleyhinəyəm, bu, canlı sənəddir
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vladimir Vardanyan deyib.
Deputat mümkün referendumun Konstitusiya dəyişikliyindən çox yeni Konstitusiyanın qəbul olacağına eyham vurub:
“Konstitusiyaya ictimai münasibətlərin inkişafı zamanı dəyişikliklərə ehtiyacı olan canlı sənəd kimi baxmalıyıq. Ermənistan müstəqillik əldə etdikdən sonra nəinki Konstitusiya islahatları, hətta yeni Konstitusiyanın mətnini müzakirə edən nə ilk, nə də sonuncu ölkədir. Hələlik bir fikir var və hansı yolla getdiyimizi anlamağa çalışacağıq”.
Mümkün yeni Konstitusiyada Müstəqillik Aktına istinadın olub-olmayacağı ilə bağlı suala Vardanyan belə cavab verib:
“Konstitusiyanın yeni mətni referenduma çıxarılarsa, Konstitusiyada hansı mətnin olacağına xalq qərar verəcək”.
Deputat müxalifətin Konstitusiyanın dəyişdirilməsinin Azərbaycanın tələbi olduğuna dair iddiasını da cavablandırıb və dolayısı ilə Müstəqillik Aktına istinadın yeni Konstitusiyadan çıxarılacağına eyham vurub:
“Biz bu məsələni Azərbaycan mediasından daha çox müzakirə edirik. Sənədin preambulası (Müstəqillik Aktına istinad) yalnız bu və ya digər Konstitusiya normasını şərh etmək üçün müəyyən şərtlər daxilində zəruri ola biləcək müddəalardır.
Yeni Konstitusiyada Müstəqillik Aktına daha çox və ya daha az istinad ola bilər, sadəcə ideya var, xalq qərar verəcək”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və spiker Alen Simonyan ötən həftə yeni Konstitusiyada Müstəqillik Aktına istinadın əleyhinə çıxmışdı. Bu məsələnin Ermənistanda müzakirə olunması təsadüfi deyil. Çünki ölkə Konstitusiyasının istinad etdiyi Müstəqillik Aktında Azərbaycana qarşı ərazi iddiaları var. Referendumda bu istinadın çıxarılacağı müzakirə mövzusudur.