Ermənistan Baş naziri Nikol Paşinyan kilsəyə qarşı növbəti hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Nikol Paşinyan hakimiyyəti kilsəyə qarşı hücumunu davam etdirir. Hakimiyyət növbəti kampaniyanı fevralın 24-də bütün ermənilərin katolikosuna (II Qaregin) qarşı etiraz aksiyası keçirəcəyini bəyan edən hərəkat vasitəsilə keçirməyə qərar verib. Əslində, bu, erməni kilsəsinə qarşı kampaniyanın növbəti seriyasıdır.
Xatırladaq ki, hakimiyyət dəyişikliyindən dərhal sonra Nikol Paşinyan və komandası kilsəyə qarşı total hücumlara “Yeni Ermənistan, Yeni Patriarx” Hərəkatını yaratmaqla başlamışdı, amma bu, iflasa uğradı. Buna baxmayaraq, hərəkatın təşkilatçılarına vəzifə verildi. İndi daha bir kampaniyanın həyata keçirilməsinə cəhd ediləcək”, - məlumatda deyilir.
Paşinyan tərəfdarları “Vardanak” adlı yeni hərəkat yaradıblar. Hərəkat ermənilərin baş keşişi II Qareginin istefasını tələb edərək ona qarşı mitinq keçirməyə hazırlaşır. Aksiya fevralın 24-də Eçmiədzinin mərkəzi meydanında baş tutacaq. Hərəkatın təşəbbüskarı Andranik Dovlatyandır.
II Qareginin tərəfdarları aksiyaya imkan verməyəcəklərini bildiriblər.