Ermənistan Baş nazir Nikol Paşinyanla aprelin 5-də Brüsseldə keçiriləcək görüş hakim komandada böyük gözlənti yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr bildirir ki, İrəvan Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşün “Ermənistan üçün kosmik əhəmiyyət daşıyan müstəsna hadisə” olacağına ümid edir.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları nəfəslərini tutub gözləyirlər. Bu, həm də son nəticədə Ermənistanın hara (Rusiya və ya Qərbə) üz tutacağını müəyyən edəcək.
Əgər Qərb “dəstəkləyici” bəyanatla yanaşı, əməli addımlar atsa, Ermənistana külli miqdarda pul ayırsa, bunun sayəsində Rusiya iqtisadiyyatından ayrılmaq mümkün olarsa, hakimiyyət tərəddüd etmədən təhlükəsizlik vektorunun Rusiyadan Qərbə dəyişdirilməsini öz üzərinə götürəcək. Söhbət bir neçə milyondan yox, bir neçə milyard dollardan gedir”, - məlumatda deyilir.