ABŞ və Avropa Birliyi (AB) Ermənistan Baş naziri Nikol Paşinyandan Rusiya ilə gizli əlaqədə ittiham olunan Baş Qərargah rəisi Edvard Asryanı vəzifəsindən uzaqlaşdırmağı tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Nəşr rəsmi mənbələrə istinadla yazır ki, Ermənistan rəhbərliyi Brüsseldə açıqlanan sənədlər və bəyanatlardan başqa ABŞ və AB qarşısında gizli öhdəliklər də götürüb:
“Qərb Nikol Paşinyandan Rusiya ilə yaxın əlaqələri olan bütün şəxsləri vəzifələrindən uzaqlaşdırılmasını tələb edir. Hakim komandadakı mənbəmizə görə, bu mövzu ilə bağlı yeni gəlişmə var. AB yaxın gələcəkdə daha çox pul vəd edərək, bu vəsaiti və dəstəyi yalnız etibar etdikləri insanlara verə biləcəklərini bildirib.
Xüsusən də təhlükəsizlik orqanları ilə bağlı AB-nin ciddi narahatlığı var və Paşinyandan onlardan qurtulması istənilib. Xüsusilə, Baş Qərargah rəisi Edvard Asryanın adı çəkilib. Həmçinin daxili işlər nazirinin (Vahe Qazaryan) dəyişdirilməsi ilə bağlı əvvəllər irəli sürülən tələbi də xatırladıblar”.