İran Xarici İşlər Nazirliyinin ABŞ-ın Ermənistandakı (hərbi)mövcudluğu ilə bağlı narahatlığı bir çox fikirlərə əsas verir. İran bu mövzu ilə bağlı narahatlığını Ermənistan tərəfinə çatdırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
“İran tərəfi konkret olaraq onun narahatlığına nəyin səbəb olduğunu açıqlamayıb. Amma ehtimal etmək olar ki, zahiri görünən proseslərlə yanaşı, İran üçün risklər yaradan gəlişmələr də var və bu, ona məlumdur. Amerikanın Ermənistanda təsir dairəsinin genişləndiyi faktı göz önündədir, bu, Rusiyanın hesabına baş verib.
İranın narahatlığının bir çox səbəbi ola bilər: Ermənistan hökumətinə inamsızlıqdan tutmuş ABŞ-ın Tehran üçün təhlükə kimi görünən rolunun bu qədər genişlənməsini ehtiva edən kəşfiyyat məlumatlarına qədər”, - deputat qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani dünən ABŞ-ın Ermənistandakı mövcudluğunu qəbul etmədiklərini, bunu müsbət qarşılamadıqlarını açıqlayıb.
“Biz ölkələr arasında ikitərəfli məsələləri şərh etmirik, amma ABŞ-ın bölgədəki mövcudluğuna müsbət baxmadığımızı vurğulayırıq”, - diplomat əlavə edib.