Həqiqət xəstələnir, amma ölmür, hakimin ədalətli hökm çıxaracağını gözləyirəm.
Teleqraf.com xəbər verir ki, bunu 2008-ci il martın 1-də İrəvanda baş vermiş hadisələrdə ölən Qor Kloyanın atası Sərkis Kloyan Robert Köçəryana qarşı cinayət işi üzrə məhkəmə iclasından sonra jurnalistlərə deyib.
Təqsirləndirilən Köçəryanın məhkəməyə gəlməməsinə münasibət bildirən zərərçəkmişin varisi vurğulayıb: “Bu, bizim üçün yeni deyil, belə də davam edəcək. Kim bilir ki, o, ölkədədir, ya yox?!”.
Qeyd edək ki, bu gündən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan, baş nazirin keçmiş müavini Armen Gevorqyan və keçmiş prezident Robert Köçəryana qarşı cinayət işi üzrə məhkəmə davam edirilir. Amma Köçəryan məhkəməyə gəlməyib.
Cinayət işi 2021-ci ildə bağlı elan edilsə də, sentyabrın əvvəlindən yenidən bərpa edilib. Cinayət işi üzrə icraatı aparan orqan hesab edir ki, iş üzrə əldə edilmiş sübutlar belə bir zərurət yaradıb.
İş çərçivəsində Köçəryan Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir. Ohanyan, Xaçaturov və Gevorqyan da buna oxşar maddələrlə ittiham edilir.
Cinayət əməlləri sübut olunsa, onları həbs cəzası gözləyir. Təkzibolunmaz faktlar bu ehtimalı yüksəldir. Bundan başqa, həmin şəxslər həm də Xocalı soyqırımının (Azərbaycana qarşı) təşkilatçı və icraçılarıdır.
Digər Xocalı cəlladı – Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan barəsində bağlı elan edilmiş cinayət işi də yenidən bərpa olunacaq. Artıq Ermənistan Baş Prokurorluğu Sərkisyana bəraət verilməsi qərarından apellyasiya şikayəti verib.