“18 iyun İnsan hüquqları Gününə həsr olunmuş dinləmələr ölkəmizdə mühum beynəlxalq təbdir ərəfəsində keçirilir. Azərbaycanda Formula 1 qran-pri yarışları start götürür ki, bu da möhtəşəm Birinci Avropa Oyunlarından sonra növbəti nüfuzlu yarışın ölkəmizə həvalə olunması, Azərbaycanın uğurlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbulunun, etirafının göstəricisidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə (MM) parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə “18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü” mövzusunda dinləmələrdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
O, qeyd edib ki, bu il oktyabrda Azərbaycanın müstəqilliyinin 25 ili, həmçinin, BMT-nin insan hüquqları ilə bağlı ən mühüm sənədlərindən birinin qəbulunun 50 ili tamam olur. PA rəsmisi sonra bildirib ki, bunu elə-belə xatırlatmayıb, 25 ili arxada qoymaq ərəfəsində olan Azərbaycanın müstəqilliyinin ilk illəri çox ağır və gərgin olub.
Onun sözlərinə görə, həmin illərdə Azərbaycanda insan hüquqlarının kütləvi və qəddar şəkildə pozilması müşahidə olunub.
”Yəni, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, soyqırımlar həyata keçirməsi, bir milyondan artıq insanımızı qaçqın və köçkün salması buna misaldır. Ancaq çox təəssüflər olsun ki, insan hüquqları məsələsini əldə bayraq edən bəzi beynəlxalq təşkilatlar hələ də insanlarımızın hüquqlarının kütləvi şəkildə pozulması faktına ədalətli və adekvat qiymət vermir. Həmçinin, Ermənistan qarşı sanksiya tətbiq etməkdən və digər təsirli addımlar atmaqdan çəkinirlər” - deyə, Ə. Həsənov sözlərinə əlavə edib.
Ə.Həsənov daha sonra Azərbaycanda müstəqil dövlət quruculuğuna, inkişafa, demokratik təsisatların formalaşması prosesinə 1993-cü ilin 15 iyununda mərhum dövlət başısıçı Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başlanıldığını deyib. PA rəsmisi qeyd edib ki, beynəlxalq qanunvericilikdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bütün normalar Azərbaycanın mili qanunvericiliyində də təsbit olunub. O, bu istiqamətdə ilk və əhəmiyyətli addımlardan biri kimi 1995-ci ilin noyabrında Heydər Əliyevin müəllifi olduğu Ana Yasanın- müstəqil Azərbaycanın ilk Konstitusiyasının referendum yolu ilə qəbul olunmasını nümunə göstərib.
“Həmin ali sənədin də böyük hissəsi- 48 maddəsi insan hüquq və azadlıqlarının təmin edilməsi məsələsini özündə ehtiva edib"-deyə, Ə. Həsənov qeyd edib.
PA-nın şöbə müdiri eyni zamanda bildirib ki, 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi.
Ə.Həsənovun sözlərinə görə, Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. O, deyib ki, sonradan prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla İnsan Hüquqları Günü kimi qəbul edilib: “2006 və 2011-ci ildə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. İnsan hüquqları söz və sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Sərbəst toplaşmaqla bağlı yerli icra hakimiyyəti orqanları rayonlarda açıq və qapalı yerlər müəyyən edilib. Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2,5 milyon vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib”.
Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Ə.Həsənov qeyd edib ki, ölkədəki QHT-nin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtisaslaşıb. PA rəsmisinin dediyinə görə, 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir:
"Gənclər Fondu gənclər təşkilatlarının, gənclərinin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən başlayaraq icra orqanları yanında İctimai şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında KİV haqqında qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar”.
Mətbuat Şurası, Milli Televiziya və Radio Şurasının yaradılmasından bəhs edən Ə.Həsənov nəzərə çatdırıb ki, prezident İlham Əliyev medianın inkişafına diqqətlə yanaşır, KİV-in qlobal məkana inteqrasiyasına daim dəstək verir: “2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fond tərəfindən ötən dövr ərzində medianın inkişafına 30 milyon manat ayrılıb. Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5 mindən çox KİV qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir. Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərinin sayı 1,2 milyon nəfəri ötüb”.
Nemət