3 Avqust 2016 17:33
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun avqustun 2-də səfirlikdə Azərbaycanın bir qrup köşə yazarı ilə bir araya gəldi. Bəndənizin də qatıldığı görüş qardaş ölkədə iyulun 15-dən 16-a keçən gecədən etibarən yaşanan olaylara həsr olunmuşdu.

Öncədən qeyd edək ki, toplantı olduqca səmimi ortamda keçdi. Səfir bir-bir bütün media mənsublarına əl uzatdı, onlara “xoş gəldin” dedi. Ondan daha öncə isə səfirliyin mətbuat müşaviri, Bakıda fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan mediasının dostuna çevrilən, mənə “adaşım” deyə müraciət edən Həmid Qaradəniz həm Türkiyədəki son olayları anlatdı, həm Anadolu insanının bugünkü yaşam tərzi barədə doyumsuz söhbətlər etdi, həm də özkeçmişi barədə qələm adamlarını bilgiləndirdi.

“Allah onları da salamat etsin”

Səfir söhbətə başlamazdan öncə jurnalistlərə qələm-kağız paylanmasının azacıq gecikdiyini görüb onlarla zarafatlaşdı: “Qəzetçilər hər şeyi hafizələrinə qeyd edərlər, ayıb olar. Yetər ki, doğru qeyd edin, gözünüzü sevim, çox həssas bir mövzudur. Çünki sizin qələmləriniz qüvvətli töhfədir. Bu olayları pislik məqsədilə istifadə edənlər aranızda yoxdur. Hər birinizi istisna edirəm. Amma bunu pislik məqsədilə istifadə edənlər var, Allah onları da salamat etsin”.

Türkiyə böyükelçisi “burası zatən sizin eviniz” deyib dəvəti qəbul edib səfirliyə gələnlərin hər birinə təşəkkür etdi.

“Türkiyədəki hadisələri ən az anlatma ehtiyacını burda hiss edirik”

Alper Coşqun iyulun 15-i axşamdan başlayan hadisələrin Azərbaycanı nə qədər yaxından ilgiləndirdiyini, həyəcan yaratdığından xəbərdardır olduğunu dedi. Qeyd etdi ki, bu amil onları həm duyğulandırmaqda, həm də Azərbaycana qarşı nə qədər “özəl sorumluluqları” olduğunu xatırlatmaqdadır. Səfir bildirdi ki, Türkiyədə yaşanan hadisələri dünyanın hər köşəsində anlatmaqdadırlar. “Ən az anlatma ehtiyacını əslində burada hiss edirik. Çünki siz doğruları olduğu kimi görürsünüz. Orada sizin də haqqınız var. Necə ki, bizim burda – Azərbaycanda həyəcanımız və ilgimiz varsa, dolayısıyla bizim gündəmimiz eyni ilə sizin də gündəminizdir. Amma mən yenə də 15 iyul günündən bu yana yaşananları sizlərlə danışmaq istədim. Mən əslində hər dəfə bu fikri təşviq edirəm, bu dəfə daha da hərarətlə təşviq edəcəm.

Sizin zehninizdəki suallar hər nədirsə onları da eşitməklə imkanlar ölçüsündə, gücüm yetdiyi qədər onlara da cavab verəcək şəkildə müzakirə aparmaq istəyirəm” deməklə söhbətin bünövrəsinin səmimiyyət təşkil edəcəyini dolayısıyla bir daha vurğuladı.

Beləliklə, iki saata yaxın davam edən müzakirələr başladı. Öncə Alper bəy iyulun 15-i axşamdan başlayan hadisələrə ekskursiya etdi.

“Yaxın tariximizin ən ciddi təhlükələrdən birini adladıq”

Səfir ölkəsində (ölkəmizdə-S.Həmid) yaşananları ilk olaraq bu sözlərlə xarakterizə etdi: “XXI əsrdə, cümhuriyyətin 100-cü ildönümünü qeyd etmək həyəcanını yaşamaqda, inkişaf etməkdə olan, demokratiyası, güclənən strukturları ilə qürur duyan, eyni zamanda dövləti və xalqı ilə bütünlüklü bir görüntü ərz edən Türkiyə Cümhuriyyətində 2016-cı ildə görməyi gözləmədiyimiz, adətən, fəlakət ssenarisi deyə biləcəyimiz son dərəcə üzücü bir təcrübə yaşadıq. Bilirsiniz ki, Türkiyədə keçmişdə də bir qismi “uğurlu” olan, yəni özünə görə nəticə verən çevriliş təşəbbüsləri oldu. Siyasi tariximizdə belə bir keçmişimiz var. Amma o keçmişimizi də bir kənara qoymağımızı gərəkdirəcək vahiməli tablolarla qarşılaşdıq.

Təəssüf ki, Türkiyə Silahlı Qüvvələrinə mənsub ünsürlər və yetkililərin bir qisminin aldığı təşəbbüs, xainlik nəticəsində hücumlar gerçəkləşdirdilər. Bu, heç bir ölkədə görmək istəmədiyimiz, Türkiyəmizdə də gördüyümüzə hələ də doğrusu tam inanmadığımız bir tablo idi. 15 iyul gecəsi yaşanan hadisə bu xain, cinayət şəbəkəsinin etdiyi cinayətlərin, həyata keçirdiyi vahiməli terror fəaliyyətlərinin zirvəsini təşkil etdi. Dolayısıyla, son dərəcə acı, üzücü, heç bir şəkildə arzu etmədiyimiz bir təcrübə yaşadıq”.

“Türkiyə bundan güclənərək çıxacaq”

Amma səfir qeyd etdi ki, bütün bu acı tablonun içərisindən Türkiyə bundan güclənərək çıxacaq: “Bunu böyükelçi olmaqdan ziyadə bir Türkiyə Cümhuriyyəti vətəndaşı, çocuklarımın da yaşayacağı bir ölkənin gələcəyini görərək söyləyirəm. Zira, bunun ən önəmli təməli zatən o gecə xalqımız tərəfindən sərgiləndi. Sayın cumhurbaşqanımızın etdiyi çağırışdan sonra bütün vətəndaşlarımızın “Məsələ Vətənsə, gerisi təfərrüatdır” deməklə küçələrə tökülmələri, o gündən bu yana “demokrasi nöbeti” sloqanı altında Türkiyənin bir çox meydanında, mərkəzində ana yasal düzənimiz lehinə və çevrilişə qarşı sərgilədikləri yek-vücud tablo hər şeydən əvvəl xalqımızın timsalında demokratiyanın hansı dərəcəyə çatdığının çox önəmli bir səviyyəsini təşkil etdi”.

Alper Coşqun dünyanın bu olaya yetərincə təpki göstərilmədiyindən dolayı duyduğu üzüntünü dilə gətirdi.
Səfir qiyama cəhd gecəsi vətəndaş cəmiyyətinin, müstəqil türk mediasının oynadığı rolu “bir əfsanə” adlandırdı. Bununla belə bəzi media orqanlarının qərəzli, dezinformasiya xarakterli məlumatlar yaydığını vurğuladı.

Alper Coşqun Türkiyədə elan edilmiş fövqəladə vəziyyət barədə də danışdı. Bunun heç bir halda azadlıqları məhdudlaşdırmaq, qardaş ölkəyə edilməsi nəzərdə tutulan səfərləri əngəlləmək məqsədi daşımadığını söylədi: “Bununla bağlı Qərb ölkələrində qərəzli reportajlar yayımlanır. Biz bunu Fransadan fərqli olaraq terror aktlarından sonra elan etməmişik. Biz ana yasa düzənimizin məruz qaldığı bu çox yaxın təhlükədən sonra bu addımı atmalı olduq. Dolayısıyla, ana yasal düzənimiz, hüquq düzənimiz içərisində bu tədbiri gördük”.

“Azərbaycan ilk andan yanımızdadır”

deyən səfir böyük bir minnətdarlıq hissi içində olduqlarını, bunun altını xüsusi cızdığını vurğuladı: “Bunu zatən dövlət böyüklərimiz də hər vəsilə ilə ifadə edirlər. Azərbaycan bu davranışı ilə həm qardaşlıq hüququmuzun gərəyini yerinə yetirib, həm də dünyaya bu baxımdan örnək olub; doğrunun yanında dayanıb. Yəni, Türkiyədə demokratiya uğrunda edilən bu mücadilədə örnək bir davranış sərgiləmişdir”.

“Türkiyə dim-dik ayaqdadır”

Toplantının irəliləyən dəqiqələrində səfirin işlətdiyi bu cümlə xüsusi rəğbət doğurdu. O bu ifadəni yaşananları fürsət bilib, müxtəlif spekulyasiyalar edən, Türkiyəni həm siyasi, həm də iqtisadi baxımdan heç bir şəkildə haqq etmədiyi dəyərləndirmələrə məruz qoyan, olduğundan daha çox geridəymiş görüntüsü yaratmaq istəyən dairələrə cavab olaraq dilə gətirdi: “Biz bunlarla mücadilə edərik, problem deyil. Ciddi bir sınaqıdr. Asan bir iş deyil. Dövlət qurumlarımızda da bəhs etdiyimiz hadisəyə bağlı olaraq güclərlə qarşı-qarşıyayıq. Amma ölkəsinə, dövlətinə, millətinə bağlı bütün dövlət məmurlarımız – şəxsim də daxil olmaqla hamımız lazım gəlsə, üzərlərinə 2, 3, 4 dəfə artıq yük alarlar və dövlətimizin ali mənfəəti nəyi gərəkdirirsə onu heç bir şəkildə məğlub olmadan yerinə yetirməyə davam edərlər. Xalqımızın küçələrə çıxaraq sərgilədiyi fədakarlıq bizim hər birimizin ehtiyac duyacağı güc qaynağıdır”.

“Türkiyə güvənli bir ölkədir”

Səfirin verdiyi növbəti mesaj bundan ibarətdi. Bütün dünyada terrorun, ciddi sınaqların yaşandığını qeyd edən diplomat bu mücadiləni bütün beynəlxalq ictimiyyətin birgə aparmasının gərəkdiyini sözlərinə əlavə etdi: “Biz bunlarla mücadilə edəcək gücə sahibik. Dolayısıyla, heç kimsə, dünyanın heç bir yerində terror təhdidi mövzusunda başqa ölkələrə nəzərən daha sıxıntılı bir diyar göstərmək təşəbbüsündə olmasın”.

“Türkiyə iqtisadiyyatı da çox sağlamdır”

Bu da diqqətçəkən bir mesaj idi. Onun sözlərinə görə, xüsusilə spekulyasiya edilən sahələrdən birini bu təşkil edib: “Bilirsiniz, çevriliş cəhdi xalqın küçələrə tökülməsi, dolayısıyla demokratiyanın qalibiyyəti ilə sonuclanacaq şəkildə dəf edilmiş olduğu halda Standard & Poor's Türkiyənin dərəcəsini aşağı salmaq yolunu tutdu. Baxın, hələ heç sabahkı günün tablosunu görmədən, üstəlik 2016-cı il rəqəmlərə baxdıqda ilk 4 ayda Türkiyə iqtisadiyyatının yüzdə 4,8 böyüdüyü gerçəyini bir kənara buraxıb, Türkiyənin 2009-cu ildən təmin etdiyi sabit iqtisadi böyüməni, potensialını nəzərə almadan, bank sektorunun sağlam bir zəminə oturduğu gerçəyini diqqətə almadan, xarici yatırımları təşviq etmək üzrə hökumətimizin hər cür tədbiri görməkdə olduğunu diqqətə almadan, bu ortam içərisində olmağımıza rəğmən Türkiyədə hər cür yatırım fəaliyyətinin uğurla davam etdirildiyini diqqətə almadan Türkiyənin iqtisadi baxımdan çox aşağı yuvarlandığı iddiasının arxasında obyektiv iqtisadi dəyərləndirmələrdən ziyadə siyasi mülahizələr olduğunu düşünməkdən başqa seçim görə bilmirəm. Təəssüf ki, Azərbaycanımız da zaman-zaman bu cür dərəcələndirmə quruluşlarının haqsızlıqlarına məruz qalmaqdadır”.

“Azərbaycanla heç bir sahədə əməkdaşlığımızda zəifləmə olmayacaq”

deyən səfir Türkiyənin bu olaydan güclənərək çıxacağı bu sürəc nəticəsində Azərbaycanla yürütdüyü işbirliyinin də güclənərək irəliləyəcəyini vurğuladı: “Bunun Türkiyə Cümhuriyyətinin Azərbaycan tərəfindən də paylaşıldığını bildiyim iradəsi olaraq böyük bir rahatlıqla sizlərə ifadə etmək istədim”.

Çay süfrəsi arxasında davam edən görüş zamanı səfir azərbaycanlı jurnalistlərin çoxsaylı suallarını cavablandırdı.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər