22 Avqust 2016 17:03
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələri bazasına gələn nazirliyin rəhbərliyi ümummilli lider Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyaraq, ehtiramlarını ifadə ediblər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərin daimi bazalanma məntəqəsində olub, gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən birinci dərəcəli kapitan Hicran Rüstəmzadə qüvvə və vasitələrin tam döyüşə hazır olma dərəcəsinə gətirilmə qərarını məruzə edib.

Komanda Məntəqəsinə gələn müdafiə nazirinə təlimlərdə iştirak edən gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində əməliyyat şəraiti və Hərbi Dəniz Qüvvələrinin idarə olunması barədə operativ məlumat verilib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələrinin cəlb olunması ilə keçirilən təlimlərin əsas məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərin planlaşdırılmasından ibarətdir.

Bir neçə mərhələdə icra olunacaq təlimlər avqustun 25-də başa çatacaq.


Müəllif:

Oxşar xəbərlər