“Bu gün Azərbaycan qadınlarının simvolu kimi çıxış edən örnəyimiz şübhəsiz və mübaliğəsiz Mehriban Əliyevadır. Biz Mehriban Əliyeva haqqında təkcə bir fərd kimi danışmırıq. O, təkcə özünü deyil, həm də Azərbaycan qadınlarını, türk və islam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından iştirak edən qabaqcıl dünya qadınlarını, təkcə öz ölkəsində deyil, dünyada, beynəlxalq aləmdə fəaliyyət göstərən qadınları, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət, elm xadimlərini, anaları, bacıları, həyat yoldaşlarını, birinci xanımları təmsil edir.
Baxın, Mehriban xanım bu gün nə qədər sahədə təmsilçilik hüququnu və məsuliyyəti öz zərif çiyinlərində daşıyır. Onun fəaliyyəti bütün Azərbaycan qadın hərəkatında, mübaliğəsiz deyirəm, dünya qadın hərəkatında qırmızı xətt kimi keçir. Azərbaycanın bu günki inkişaf sürəti özünəqədərki mərhələləri üstələdiyi kimi, Mehriban xanımın fəaliyyəti də bu inkişaf proseslərinin içərisində qadınların iştirakının önündə gedir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.
B.Muradovanın sözlərinə görə, birinci xanım kimi Mehriban Əliyevanın da üzərinə düşən və özünün müəyyənləşdirdiyi sahələr üzrə fəaliyyətinə nəzər salsaq , vurğulamaq lazımdır ki, Mehriban xanım da tarixin zamanın fövqünə çıxardığı şəxsiyyətlərdən biridir: O qeyd edib ki, burada həm tarixin, həm də bugünkü ictimai-siyasi proseslərin rolu var: “Amma ən böyük nəticələr məhz onun özünün qarşısına qoyduğu hədəflər uğrundakı fəaliyyətinə bağlıdır. Odur ki, Mehriban Əliyeva tarixin yetirdiyi və bu tarix içərisindəki yerini və rolunu daha çox özü müəyyən etmiş Azərbaycanın ictimai və siyasi həyatında özünəməxsus yeri olan böyük şəxsiyyətdir”.
Vitse-spiker bildirib ki, M.Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik edənə qədər çox böyük fəaliyyət yolu keçib: “Mehriban xanımın fəaliyyətində konkret şəxsə yardım əsas prinsiplərdəndir. Əlbəttə ki, insanlıq naminə yardımlara qoşulmaq öz yerində, amma konkret ehtiyacı olan təbəqəyə, şəxslərə yardım göstərib, onu cəmiyyətə örnək kimi təqdim etməyin özü cəmiyyətin digər üzvlərinin – imkanlı şəxslərin, ictimai fəal şəxslərin diqqətini bu istiqamətə yönəltmək daha vacib amillərdəndir. Qayğını, mərhəməti və konkret yardımı nəzərdə tutan layihələrin müəllifi kimi çıxış etmək Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. İstər Azərbaycanda, istərsə də ölkə xaricində mədəniyyətin, səhiyyənin, təhsilin inkişafına, uşaqların, gənc nəslin sağlamlığına çox ciddi diqqət yetirir. Dünya mədəni irsinin qorunması sahəsində Fondun layihələri misilsizdir”.
B.Muradova vurğulayıb ki, Mehriban Əliyeva çoxşaxəli, genişmiqyaslı fəaliyyətinə görə bir sıra mühüm beynəlxalq mükafatlara layiq görülüb: “Mehriban Əliyevaya ən böyük mükafat Azərbaycan xalqının məhəbbətidir, onu yetirən xalqın ona olan münasibətidir. Mehriban xanım haqqında xarakterindən asılı olmayaraq fikir söyləyən hər kəs sanki dəyişir. Çox qəribədir. Mən belə bir halı ilk olaraq Zərifə xanıma, ikinci Mehriban xanıma münasibətdə müşahidə etmişəm. Zərifə xanım haqqında ucadan, həyəcanla danışan insana rast gəlməmişəm. Eləcə də Mehriban xanım haqqında.
Bir çox beynəlxalq mətbuat orqanlarında, internet saytlarında Mehriban Əliyevaya həsr olunmuş məqalələri oxuyanda sanki özümüzü, öz düşüncələrimizi duyuruq. Mehriban xanım harada, kiminlə ünsiyyətdə olursa-olsun, eyni təəssüratı yaradır. Demək, bütöv şəxsiyyətdir, prinsiplərinə sadiqdir. O zərif göründüyü qədər güclüdür, çox müdrik siyasətçidir, xanımdır, həyat yoldaşıdır, ictimai xadimdir, beynəlxalq aləmdə tanınmış şəxsiyyətdir. Hesab edirəm ki, Mehriban xanımın qarşısında hələ çox böyük fəaliyyət istiqamətləri dayanır. Nə qədər yaşayır, fəaliyyət göstərir, o qədər də müxtəlif və çoxsaylı mükafatların sahibi olacaq”.
Səxavət