8 Sentyabr 2016 19:52
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni qadın deyirdi ki, onlar insan deyil, “bandit”dir”


Ermənişünas, BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Teleqraf.com-un suallarını cavablandırıb:

- Ermənistanın baş naziri Ovik Abraamyan istefa verdi. Dünən erməni mətbuatı baş nazirin istefaya göndəriləcəyi barədə proqnoz vermişdi. Baş nazirin bu addımına səbəb nədir? Sarkisyan Abraamyandan niyə narazı qalmışdı? Erməni mətbuatı olanlar barədə nələr yazır?
- Ermənilər Ovik Abraamyandan çox narazı idilər. Hər il Ermənistanda ildə bir və ya iki dəfə prezident nəzdində ümumi şuranın iclası çağırılır. Orada ən vacib məsələlərin müzakirəsi aparılır və mütləq kadr dəyişikliyi olur. Sarkisyanın kabinetindən mənbə mediaya belə məlumat ötürmüşdü ki, bu gün iclas olacaq və orada hökumət buraxılacaq, Abraamyan isə işdən çıxarılacaq. Ermənistanda iqtisadiyyatın əsasını təşkil edən üzümçülük bərbad vəziyyətdədir. Üzüm istehsalı ilə məşğul olan təsərrüfatçılar ailə başına 6-7 ton üzüm yığılıb təhvil verilsə də, maaşlar gecikdirilir. Abraamyan özü gəlib deyib ki, builki məhsul təhvil verildikcə, haqq ödənəcək. Ancaq yenə maaşlar verilməyib. İnsanlar bir neçə rayonda yolları kəsir ki, Abraamyan bizi aldatdı, özü şəxsən gəlib dedi üzüm yığımı ilə bağlı pullar ödənəcək, ancaq pul yoxdur. Ermənilər etiraz edir ki, üzümçülüklə məşğul olmaq üçün banklardan götürdükləri kreditləri ödəyə bilmirlər. Çünki məhsullar vaxtında daşınmır, qalıb çürüyür. Həm iqtidar, həm də müxalifət mediası müxtəlif şəkil və videolar paylaşır. Əsas narazılıqlardan biri də baş nazirin öz oğlu və qohum-əqrəbası üçün yaratdığı lüks şəraitlə bağlıdır. Abraamyan qohumları üçün geniş biznes sahələri yaradıb, oğlunu yüksək vəzifəyə çəkib. Hər addımbaşı Ovik Abraamyanın camaatı aldatmasından, biznesindən danışılır. Bu da camaatda və Sarkisyanda qıcıq yaratmışdı. Mediada belə xəbərlər yazılır ki, Ermənistanın nə İran, nə Rusiya, nə də ABŞ-da iqtisadi əlaqələri yaxşıdır. Bütün bunların da günahkarı baş nazirdir. Ölkə iqtisadiyyatının geriləməsi, getdikcə kənd təsərrüfatı sisteminin ləğv olunması, xarici ölkələrlə iqtisadi əlaqələrin geriləməsi kimi səbəb göstərilir. Abraamyan ABŞ-a məktub yazıb ki, nazirliyin tərkibində şura yaratmaq üçün 750 min dollar pul lazımdır. Amerika isə şərt qoyub ki, əvvəlcə yaradın, sonra pul ödəyək. Narazılıq yaranıb və bu məsələni də Serj Sarkisyana çatdırıblar. Baş nazirlə Sarkisyanın şəxsi münasibətləri zəifləmişdi. Həmçinin belə məlumatlar yayılmışdı ki, Abraamyan 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürəcək və ölkənin 4-cü prezidenti olacaq. Görünür, bu da Serj Sarkisyanın qəzəbinə səbəb olub. Hələlik Ovik Abraamyanın yerinə kimin keçəcəyi bəlli deyil. Ancaq mətbuatda Karen Karapetyanın baş nazir təyin ediləcəyi xəbərləri dolaşır. O, İrəvanda “Qazprom”un baş meneceri işləyir.

- Baş verənlərin hərbiyə təsiri olacaqmı? Bir müddət öncə generallar ordudan uzaqlaşdırıldı, bu, nələri dəyişdirdi?
- Sarkisyan generalları dəyişdirəndən sonra guya vəziyyət yaxşılaşıb. Amma əhalinin narazılığı yenə də qalıb. Hətta camaat sual edir ki, biz Qarabağı niyə müdafiə etməliyik. Müxalifət mediası 2010-2015-ci ilədək əsgər ölümlərinin statistikasını paylaşıb. 48 nəfər hərbçi özü-özünü, 43 hərbçi bir-birini öldürüb. Qarabağın əhalisi İrəvan ermənilərini sevmirlər. Polis patrul bazasını tutan şəxslərin azad olunması tələb edilir. İrəvanda nümayişlər hələ də davam edəcək.

- İrəvandakı nümayişlərlə bağlı müxtəlif versiyalar səslənirdi, əsas səbəb siyasi məhbuslarla bağlıdır, yoxsa Qarabağ danışıqlarından yayınmaq üçün hakim dairənin öz planı idi?
- Polis binasını mühasirəyə alan qrup siyasi məhbusların buraxılmasını tələb edirdilər. Bu gün onların böyük səhvə yol verib dövlətə qarşı çıxmasına dair güclü təbliğat aparırlar. Sarkisyan tərəfindən yaradılan təbliğat qrupu hesab edir ki, həmin şəxsləri cəzalandırmaq lazımdır. Çünki polkovnik-leytenant öldü, bir neçə nəfər yaralandı. Ermənistanda vəziyyət bu cür qarışıqdır. Bundan başqa Ermənistan Suriya qaçqınlarını qəbul edən ölkələr arasında 12-ci yerdədir. Rəsmi məlumata görə,ancaq erməni əsilli Suriya qaçqınlarını qəbul edən Ermənistana 17000 nəfər qaçqın gəlib. Son 1 il yarım ərzində onlardan təxminən 6000 nəfəri Ermənistandakı şəraitə dözməyərək ölkəni tərk edib və bu rəqəm getdikcə artmaqdadır.

- Moskavada Qarabağa dair məsləhətləşmələrlə əlaqədar erməni mediası nə kimi proqnozlar verir?
- Sarkisyanın tərəfdarları deyir ki, biz güzəştə getməliyik. Ancaq əhali arasında narazılıqlar var. İnsanlar belə çağırış edir ki, torpaqları qan bahasına güzəştə getmək olar. Qondarma rejimin “25-ci müstəqillik günü” ilə bağlı Xankəndində keçirdiyi tədbir barədə guya Qarabağın müstəqillik qazanması önə çəkildi. “Hraparak” qəzeti yazır ki, Sarkisyan qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə nazirinin müavininə camaatın içində barmaq silkələyib təhqir edib. Qarabağda da vəziyyət ürəkaçan deyil. Media yazır ki, Rusiyanın güclü təsiri olmasa ermənilər Qarabağla bağlı güzəştə razı olmaz. Güzəştə gedilsə, Sarkisyan və hakim dairənin sonu olmalıdır.

- Aprel döyüşlərindən sonra bir çox erməni valideynlər aksiya keçirib etiraz edirdi ki, övladlarımızın Qarabağda ölməsini istəmirik...
- Əlbəttə, o cür yanaşmalar var. Post patrul bazası mühasirəyə götürüləndə əlil arabasında bir kişi gəlmişdi ki, oğlumu aparıb getmək istəyirəm. Bazada polisləri mühasirəyə alan oğlu isə narazılıq edib deyirdi ki, Səfilyan cəngavərdir, vətənsevərdir, Qarabağı azad edəcək. Anası yaxınlaşıb deyir ki, bilirsənmi Qarabağ harada yerləşir, Qarabağın sənə nə aidiyyatı var? Oğlu da qayıdır ki, bilməsəm də bizim keçmiş torpağımızdır. Yalançı tarixçilər gənclər arasında elə təbliğat aparıblar ki, guya Qarabağ Ermənistanın qədim torpağıdır, hətta Qarabağın kənarındakı rayonların işğaldan azad olunduğunu təlqin edirlər. Məktəblərdə təbliğat aparırlar deyə gənclər elə zənn edirlər ki, bizim torpaqlarımız onların əzəli torpaqlarıdır və buna görə də vətən uğrunda mübarizəyə hazırlaşırlar. Ötən gün bir məqalə oxudum. Erməni qadın deyirdi ki, Ermənistanda yaşayan ermənilər insan deyil, hamısı “bandit”dir. Söyləyirdi ki, mən hər hansı bir azərbaycanlıya hansısa işdə çətinliyim olduğunu desəm, dərhal canla-başla kömək edər. Amma erməniyə müraciət etsəm, məni qovar. Qadın danışıqları ilə erməniləri məhv edib. Deyir ki, Ermənistanda qaçqınların sayı azdır, onlara xaricə getməyə icazə vermirlər, ABŞ 5 milyona yaxın yardım versə də, qaçqınlara 1 qəpik də çatmır, hamısını yuxarı dairələr mənimsəyir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər