8 Sentyabr 2016 15:34
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayinin görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov öncə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O deyib ki, şura Azərbaycanın aparıcı media qurumlarını öz sıralarında birləşdirir. Qurumun əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu tənzimləmədə jurnalistika peşəsinə sədaqət təbliğ olunur, eyni zamanda medianın Azərbaycanın milli maraqlarının qorunması istiqamətindəki mütəşəkkil mövqeyinə diqqət yetirilir. “Azərbaycanın İran İslam Respublikası ilə qarşılıqlı münasibətləri də ölkəmizin milli mənafe və maraqlarından qaynaqlanan vacib məsələdir. XX əsrin əvvəllərində Azərbaycan istiqlalına qovuşarkən müstəqilliyimizi ilk tanıyan ölkələrdən biri məhz İran olub. İran əsrin sonlarına doğru əldə etdiyimiz müstəqilliyi də ilk tanıyan dövlətlərdəndir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra iki ölkə arasındakı münasibətlər intensiv məcraya qədəm qoydu. Cənab İlham Əliyevin prezidentliyi dönəmində qarşılıqlı əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir. Düşünürük ki, mövcud prosesə media əməkdaşlığı müstəvisində də adekvat mövqe ortaya qoyulmalıdır. İndiyədək İrandan Azərbaycana, Azərbaycandan isə İrana 10-a yaxın jurnalist səfəri reallaşıb. Bu səfərləri intensivləşdirməyi, habelə iki ölkə jurnalistlərinin birgə konfranslarının təşkilini, sərhədyanı bölgələrdə görüşlərinin, müxtəlif idman yarışlarının – futbol matçlarının keçirilməsini nəzərdə tuturuq”, - deyən sədr əlavə edib ki, İran və Azərbaycan mediası arasındakı əməkdaşlıq səfir Pakayinin dövründə özünün ən yüksək pilləsinə çatıb. Buna görə də MŞ səfiri şuranın fəxri diplomu ilə təltif etmək qərarına gəlib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəxri diplomunu M.Pakayinə təqdim edib.

Səfir M.Pakayin Azərbaycanın KİV təmsilçiləri ilə görüşün vacibliyindən söz açıb. KİV-lərin qlobal miqyasdakı missiyasından danışan səfir bildirib ki, dünyada yumşaq güc kimi qəbul edilən media siyasi diplomatiya ilə yanaşı fəaliyyət göstərən ümumi diplomatiyanın ən güclü silahıdır. Bu gücün sülhün bərqərar olunması üçün istifadəsi son dərəcə önəmlidir. “Xoşbəxtlikdən İran və Azərbaycan arasındakı münasibətlər yüksək səviyydədir. Mən səfir olduğum dövrdə Azərbaycan mediası ilə əlaqələri genişləndirməyə səy göstərmişəm. Müəyyən qüvvələr olub ki, onlar media vasitəsi ilə İran və Azərbaycan arasında ixtilaf yaratmağa çalışıblar. Mən bildirmişəm ki, bizlər informasiyaları bir-birimizdən almalıyıq, birbaşa əlaqələr yaratmalıyıq. İndiyədək Azərbaycanın və İranın müxtəlif bölgələrinə jurnalist səfərləri həyata keçirilib. İran xalqında Azərbaycan haqqında müsbət fikirlər formalaşıb. Eləcə də Azərbaycan xalqında İran barədə. Bu gün Azərbaycan və İran regionda sülhün bərqərar olması naminə ortaq mövqedən çıxış edir. İran, Azərbaycan və Rusiya rəhbərlərinin üçtərəfli görüşü isə dünyaya mesajdır”, – deyən M.Pakayin vurğulayıb ki, əldə edilmiş bütün nailiyyətlərdə medianın xidməti son dərəcə əhəmiyyətlidir. O, eyni zamanda İranın Azərbaycana yeni təyin olunmuş səfiri ilə də götürülmüş kursun davam etdiriləcəyinə inamını ifadə edib. Dünyanın bir sıra yerlərində diplomatik missiya həyata keçirdiyini diqqətə çatdıran M.Pakayin müsbət məqam kimi xüsusi vurğulayıb ki, çalışdığı heç bir ölkədə səfirlərə Azərbaycandakı qədər media ilə yaxınlıq qurmağa imkan yaradıldığını görməyib.

Görüşdə iştirak edən baş redaktorlar Azərbaycan-İran əməkdaşlığı, bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi, səfirliklə Azırbaycan mediasının əməkdaşlığı və digər məsələlər barədə fikirlərini açıqlayıblar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər