30 Sentyabr 2016 12:48
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, iclasda çıxış edən direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin təxminən 9 faizinin adları bu il IX siniflərin məlumat bazalarında aşkar edilməyib, yəni onlar icbari təhsildən yayınıblar: “Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır`.

İclas iştirakçıları müzakirələr zamanı vurğulayıblar ki, bu, təkcə hansısa bir qurumun deyil, bütün cəmiyyətin qarşısında duran vacib məsələlərdəndir.

Məleykə Abbaszadə təhsil nazirinin müavini Ceyhun Bayramova müraciət edərək, TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair nazirlikdə mövcud olan məlumatların təqdim olunmasını xahiş edib.

Ceyhun Bayramov mövzunu davam etdirərək başqa bir statistik təhlilin nəticələrini iclas iştirakçılarının nəzərinə çatdırıb: “Bu il məktəbə 1 il və daha artıq gec gedənlərin sayı 10 faiz təşkil edib ki, bu da ürəkaçan rəqəm deyil. Təhsil Nazirliyi bununla bağlı hər hansı təsir mexanizminə təbii ki, malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən ilə azalır. Ümumiyyətlə, Nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur”.

Məleykə Abbaszadə bildirib ki, bu ilin aprel ayında təsdiq edilən Dövlət İmtahan Mərkəzinin nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və DİM-ə müvafiq Fərmanla həvalə olunan vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

Bununla bağlı DİM-in fəaliyyətinin təmin olunması və ona həvalə olunan vəzifələrin həyata keçirilməsi məqsədilə müxtəlif imtahan növlərinin keçirilməsi üçün sərf olunan maliyyə vəsaiti və bir imtahan iştirakçısına düşən xərclər barədə müzakirələr aparılıb, DİM Direktorlar Şurasının üzvlərinin təklifləri dinlənilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər