ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk 100 günü ərzində görəcəyi işlərə aydınlıq gətirib. Üç kateqoriyanı nəzərdə tutan – korrupsiya ilə mübarizə, işçilərin müdafiəsi, təhlükəsizlik və qanunların konstitusion qaydalarına dair planda qanun pozuntusuna yol vermiş 2 milyondan artıq miqrantın ölkədən çıxarılmasına başlanılması və onların qəbulundan imtina edən ölkələrin vətəndaşlarına yeni viza verilməyəcəyinə dair müddəa diqqət çəkən məqamlardan biridir. Diqqət çəkən daha bir məqam isə Meksikanın vəsaiti hesabına bu ölkə ilə sərhəddə divar hörməklə bağlıdır. Həmçinin, deportasiya olunduqdan sonra ABŞ-a təkrar qanunsuz giriş edənlərin, eləcə də ölkədə qalma müddəti ötmüş şəxslərin cəzalarını sərtləşdirmək nəzərdə tutulur. Bundan əlavə konqresmenlərin iki dəfədən artıq seçilməsini qadağan etmək üçün ölkə Konstitusiyasına müvafiq dəyişiklik layihəsi ilə çıxış etmək də Trampın görməyi planlaşdırdığı işlər sırasındadır.
Bəs, Tramp verdiyi bu vədlərin hansını yerinə yetirə biləcək, hansıları gözardı etmək məcburiyyətində qalacaq? Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Elxan Şahinoğlu diqqəti prezident seçkisindən sonra Amerika şəhərlərində Tramp əleyhinə keçirilən etiraz aksiyalarına yönəldib. O qeyd edib ki, bu, görünməmiş hadisədir: “Mən xatırlamıram ki, Amerikada prezident seçkilərindən sonra bu cür narazılıq olsun. Mənə elə gəlir ki, bu, qarşı tərəfin Trampa mesajıdır. Demək olmaz ki, impiçment qətiyyən mümkün deyil. Düzdür, indi Konqresdə respublikaçılar çoxluq təşkil edir. Amma məsələ ondadır ki, Konqresdə bəzən səsvermələrdə respublikaçılarla demokratlar fərqli-fərqli səs verə bilirlər. Yəni, əgər Tramp həqiqətən verdiyi bütün populist vədləri yerinə yetirməyə başlasa, – hərçənd ki, mən buna inanmıram – və bu vədlərin yerinə yetirilməsi Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğun gəlməsə onu müəyyən təhlükə gözləyə, impiçment məsələsi aktuallaşa bilər”.
E.Şahinoğlu qeyd edib ki, seçkidən əvvəlki Trampla seçkidən sonrakı Trampı ayırmaq lazımdır: “Baxın, Tramp Ağ evdə Obama ilə görüşdü. Artıq özünü bir qədər ciddi aparır. Düşünülmüş açıqlamalar verir. Bilir ki, artıq dövlətin rəhbəridir. Yəni, hər istədiyini edə bilməyəcək. Obamanı götürək. Obama 8 il öncə konqresmen olarkən nələr vəd etmişdi. Gələn kimi Quantanamodakı hərbi bazanı və həbsxananı bağlayacam, qondarma erməni soyqırımını tanıyacam, onu edəcəm, bunu edəcəm. Amma bunları edə bilmədi. Çünki Amerikanın milli və təhlükəsizlik maraqları Türkiyə və Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanı, Türkiyəni gözardı edib qondarma soyqırımı tanıya bilməz. Yaxud Quantanamonu bağlaya bilməz. Yəqin ki, Tramp da ağıllı olacaq və Ağ evdə oturarkən ağıllı qərralar verəcək. Amma həqiqətən də əgər dediyi kimi etsə, yəni Meksika ilə sərhəddə divar tikməyə, irqi ayrı-seçkiliyə, müsəlmanları ölkəyə buraxmamağa başlasa ciddi problemlərlə üzləşə bilər. Amma mən düşünürəm ki, o bu addımı atmayacaq. Çünki Amerikada oturuşmuş sistem var. Dövlət Departamenti, Pentaqon, müşavirlər, “beyin mərkəzləri” və onların hazırladıqları hesabatlar var. Tramp bunların hamısı ilə, daha doğrusu reallıqla hesablaşmaq məcburiyyətində qalacaq”.
Analitik bildirib ki, realist olsaq D.Trampın xarici siyasətlə bağlı verdiyi vədlərin çoxunun reallaşmayacağını indidən söyləyə bilərik. Onun sözlərinə görə, İŞİD-i məhv edəcəyini söz vermiş D.Tramp ilk olaraq Rəcəb Tayyib Ərdoğanı yanvar ayında Ağ evə dəvət etsə, deməli bu məsələlərdə ortaq məxrəcə gəlmək mümkün olacaq: “Tramp Putinin ünvanına kompelimentlər deyirsə və Ərdoğanı da Vaşinqtona dəvət etsə, o, yaxın müddətdə İŞİD-ə qarşı beynəlxalq koalisiya yarada bilər. İndi bu mümkün olmur. Rusiya ayrı, Türkiyə ayrı, ABŞ ayrı savaşır. Mən düşünürəm ki, Tramp İŞİD üzərində qələbə çalmaq istəyirsə ABŞ, Rusiya, Türkiyə və hətta Səudiyyə Ərəbistanının iştirakı ilə beynəlxalq koalisya yarada bilər. Əgər Tramp dediyi “biz Suriyaya qarşı deyil, İŞİD-ə qarşı savaşacağıq” fikrini həyata keçirməyə başlasa, bu, Amerikanın siyasətində kardinal dəyişikliyə səbəb olacaq”.
Bununla belə, E.Şahinoğlu qeyd edib ki, D.Tramp belə tezliklə Vladimir Putinlə dostlaşa bilməyəcək: “Mənə elə gəlir ki, Putin Trampı Moskvaya dəvət etməklə onu dilemma qarşısında qoyacaq. Tramp getsə də ona problem yaranacaq, getməsə də. Getsə öz ölkəsində və müttəfiqləri arasında ona problem yaranacaq, getməsə Putin ağıllı gediş edə bilər. Putin deyə bilər ki, “axı sən mənimlə dostluq etmək istəmirsən? Gəl görüşək, aramızda fikir ayrılığı yaranan bütün məsələləri müzakirə edək”.
Politoloq D.Tpampın Krım yarımadasının ilhaqı məsələsinə dair mövqeyinin Azərbaycan üçün təhlükəli olduğunu vurğulayıb: “Mən Trampın bu açıqlamasını təhlükəli açıqlama kimi qiymətləndirirəm. Jurnalist Trampa sual verdi ki, prezident seçilsəniz Krımı Rusiya ərazisi kimi tanıyacaqsız? Tramp cavab verdi ki, bu məsələyə sonra baxarıq. Əgər Tramp Ukraynanı arxa plana atsa, Krımı Rusiya ərazisi kimi tanısa, bu, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bizim üçün də müəyyən təhlükələr vəd edə bilər”.
Səxavət HƏMİD