3 İyul 2014 21:41
801

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb etməkdə ittiham olunan Şəmkir rayon sakini, peşəkar idmançı, güləş üzrə üçqat dünya çempionu, 1979-cu il təvəllüdlü Saday Cəlil oğlu İsmayılovun məhkəmə prosesi keçirilib.

S.İsmayılovla yanaşı müttəhimlər kürsüsündə onun tanışı, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü İbadov Vaqif İmanxan oğlu da əyləşib. Posesə hakim Rasim Sadıxov sədrlik edir.

İstintaq yolu ilə müəyyən edilib ki, Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə “Mobil texnologiyalar” MMC-nin baş meneceri Əli Məmmədovun külli miqdarda əmlakını ələ keçirmək istəyiblər. Bu məqsədlə 9 avqust, 2013-cü ildə gecə saatlarında “Amburan” çimərliyinin yanında onunla görüşərək Ə.Məmmədovdan hədə-qorxu yolu ilə 500 min manat pul tələb ediblər.

Ə.Məmmədov pulu verməkdən imtina etdikdə sonuncuya məxsus maşında onun əllərini yapışqan lentlə bağlayaraq odlu silahla hədə-qorxu gəliblər. Məhz bundan sonra Ə.Məmmədov onlara 120 min manat verməyə razılaşıb. O, işçisi İmran Baxşıyevə zəng vuraraq tələb olunan məbləği Zığ qəsəbəsinə gətirməyi tapşırıb. İ.Baxşıyevdən həmin məbləği alan S.İsmayılov Ə.Məmmədovu azad buraxıb.

Amma S.İsmayılov bununla da kifayətlənməyib. Növbəti dəfə yenidən Ə.Məmmədovu hədələyərək 150 min manat tələb edib. Hədə-qorxulardan təngə gələn Ə.Məmmədov bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Onun şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, S.İsmayılov və V.İbadov həbs ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, S.İsmayılov Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib.


Müəllif:
Загрузка...