7 İyul 2014 13:11
679

Azərbaycan Təhsil Nazirliyi bəzi müəllimlərə xəbərdarlıq edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələri və peşə liseylərində daimi işləyən müəllimlər işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edə bilməzlər.

Bu, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları"nın 4.2-ci bəndində nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlər üçün ərizə qəbuluna iyulun 1-dən başlanılıb və iyulun 15-də başa çatacaq. Müsabiqəyə 2974 vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib.

Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir. İmtahanlara 21 iyul 2014-cü il tarixindən başlanılması nəzərdə tutulub.

/trend/


Müəllif: