6 Yanvar 2017 17:48
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilib, aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar ölkənin gələcək inkişafı üçün perspektivlər açıb:

“Həyata keçirilən islahatlar nəticəsində bütün sosial proqramlar uğurla icra edilib, qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı 2 faiz, əhalinin pul gəlirləri 7 faiz, orta əmək haqqı 9 faiz artıb”.

Bildirilib ki, ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən qərarların qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər, ordumuzun aprel döyüşlərində şanlı qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi ilə yadda qalıb.

Diqqətə çatdırılıb ki, 2016-cı il Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Prokurorluq orqanlarının səyləri Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.

Respublikanın digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş gənc hüquqşünasların hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 62 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin olunub.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2016-cı ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə, Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Eyni zamanda, 2016-cı il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2017-ci ildə də öz səlahiyyət hədləri daxilində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkardlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının qorunmasında zəruri tədbilərin görülməsini təmin edəcəkdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər