“2016-cı ildə aprel müharibəsi Ermənistan və ermənilər üçün ən dramatik hadisə oldu. Bu son 24 ilin ən geniş eskalasiyası idi. Lakin əfsuslar ki, Ermənistan hakimiyyətinin ərazilərin qaytarılmasına hazırlaşdığı faktdır”.
Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Tavos Arşakyan “armenianreport” saytında yazıb.
Müəllif Sarkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunub:
“Apreldə ölən əsgərlər qəhrəmanlaşdırıldı, İrəvan meriyası onların ailələrinə mənzillərin veriləcəyini canfəşanlıqla bildirdi. Lakin zaman keçdikcə hər şeyin sadəcə sözdən ibarət olduğu ortaya çıxdı”.
“Qraparak” qəzetinin məlumatına görə, Ermənistan ordusundan təxris olunan əsgərlərin hərbi biletlərində “aprel döyüşləri”ində iştirak etdikləri haqda heç nə qeyd edilməyib.
“Təxris olunan əsgərlərdən biri Madagizdəki döyüşdə iştirak edib. Lakin onun hərbi biletində harada xidmət keçməsi haqqında bölmə rənglənərək, görünməz hala salınıb. İndi o əsgər heç kəsə sübut edə bilməyəcək ki, döyüşlərdə iştirak edib”, - deyə qəzet yazıb.
Məlumata görə, təxris olunmuş bir neçə əsgər bu məsələyə görə qəzetin redaksiyasına müraciət edib.
Qəzet yazır ki, hakimiyyətin məqsədi döyüşlərdə iştirak etmiş əsgərlərin gələcəkdə güzəştlərdən istifadə edə bilməsinin qarşısını almaqdır:
“Misal üçün, döyüşlərdə iştirak etmiş əsgərlərə təhsil haqqının 20 faizi güzəşt edilir. Hakimiyyət bu kiçik imkanları da onların əlindən alır”.
T.Arşakyan yazır ki, Sarkisyan rejimi artıq uçuruma yuvarlanır.
“Hakimiyyətin əsgərlərə kompensasiya verməməsi, onların güzəşt imkanlarını kəsməsi sual yaradır: yəni ölkə bu qədərmi kasıblayıb? Lakin cavab fərqlidir: hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir”, - deyə o qeyd edib.