Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi başa çatıb.
Teleqraf.com-un məlumatına görə, vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hərbçilər iştirak edib.
Müdafiə naziri Zakir Həsənov şəhidin ailə üzvlərinə baş sağlığı verilib.
Şəhidin atası Salman Qurbanov nəşin geri qaytarılmasına görə Azərbaycan prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.
Vida mərasimində şəhid əsgərin həyat və xidməti barədə məlumat verilib.
Şəhid əsgər doğulduğu Qusar rayonunda dəfn olunacaq.
***
2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilir.
Mərasimdə yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edir.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub. (report)