Bakıda şənbə və bazar günləri dəm qazından zəhərlənərək 1 nəfər ölüb, 7 nəfər xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsində 48 yaşlı Elmira Seyidova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Bundan başqa, Sabunçu rayonu, Albalılıq qəsəbəsində 1985-ci il təvəllüdlü Sevda Abduyeva yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.
Səbail rayonunda 1997-ci il təvəllüdlü Nigar Ömərova, Suraxanı rayonu, Əmircan qəsəbəsində 1962-ci il təvəllüdlü Gülnarə Səfərova, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 2004-cü il təvəllüdlü Nərmin İsmayılova, Əhmədli qəsəbəsində 40 yaşlı Mahirə Seyidova, Xırdalan şəhərində 1946-cı il təvəllüdlü Sədaqət Heydərova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Bundan başqa, Xaçmaz şəhər sakini Ramilə Hüseynova da dəm qazından zəhərlənmə ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oxşar hadisə Tovuz rayonunda da baş verib. Əlimərdanlı kənd sakini, 1998-ci il təvəllüdlü Səfiyyə Bağırova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
Səfiyyə Bağırovaya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, Səfiyyə Bağırova yaşadığı evin vanna otağında olarkən zəhərlənib.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Hacı Zeynalov