Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.
ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, ölkəmizin Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.
Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirilib.