“Pakistan Azərbaycan üçün çox önəmli, Azərbaycana həddən artıq bağlı və onun haqq işini dəstəkləyən bir dövlətdir. Pakistan yeganə dövlətdir ki, Ermənistanı öz adı ilə – işğalçı adı ilə çağırır. Pakistan-Azərbaycan münasibətləri bu gün elə bir səviyyədədir ki, bəlkə də bu sözlər münasibətlərin fonunda o qədər də uğurlu sözlər deyil”. Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.
Ekspert qeyd edib ki, Pakistan digər ölkələrdən fərqli olaraq Azərbaycanın çağırışına real olaraq cavab vermək niyyətindədir: “Hamının yaxşı yadındadır ki, 2016-cı ilin aprel döyüşləri zamanı Pakistan Azərbaycana 70-80 min nəfərlik şəxsi heyət təklif etmişdi. Bunu ona görə deyirəm ki, Pakistanın Azərbaycana bağlılığı həddən artıq çoxdur. Azərbaycan da daim Pakistana önəm verib. Azərbaycan Pakistanda ən yüksək səviyyədə – təkcə siyasi-iqtisadi deyil, eyni zamanda hərbi şəkildə təmsil olunub. Bizim hərbi attaşelərimiz Pakistanın müvafiq qurumları ilə neçə illərdir işbirliyi qurub, Azərbaycanın mənafeyinə xidmət edən layihələr həyata keçirilib. Dünən və bu gün Azərbaycan Prezidentinin Pakistana səfəri zamanı ölkəmizin Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Yəqin ki, yaxın zamanlarda yüksək vəzifəli rəsmi şəxslər bu razılaşmanın detallarını müzakirə edəcəklər. Biz Azərbaycan olaraq Pakistandan Silahlı Qüvvələrimiz, o cümlədən Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunları üçün çox önəmli silahlar və texnika əldə edəcəyik. Bu barədə artıq mətbuatda bəzi müzakirələr gedib və heç vaxt onun təkzibi olmayıb. Pakistan rəsmiləri də böyük məmnuniyyətlə Azərbaycana həmin silah-sursatın və texnikanın verilməsində maraqlıdırlar. Həmin silah-sursat da özünü çox yaxşı şəkildə göstərib. Bundan sonra Azərbaycanın hərbi-sənaye kompleksi, yəni Müdafiə Sənayesi Nazirliyi Pakistanın müvafiq qurumları ilə birgə həm hərbi təyinatlı, həm də dinc məqsədlər üçün digər region ölkələrinə, Azərbaycanın müttəfiqlərinə və dostlarına lazım olan avadanlıqlar istehsal edəcəklər”.
Ü.Cəfərov daha sonra deyib: “Aydın məsələdir ki, biz nə alacağıq, nə verəcəyik, yaxud nə istehsal edəcəyik, onu indidən elan etməyə ehtiyac yoxdur. Vaxtı, zamanı gələndə bu məsələlər nümayəndə heyətlərinin görüşü zamanı bir-bir müzakirə olunacaq. Yaxud, artıq istehsal olunmuş məhsullar sərgilərdə nümayiş etdiriləcək. Amma yenə də deyirəm, bu əməkdaşlıq çoxdan gözlənilən əməkdaşlıq idi. İnşallah, mən hesab edirəm ki, bu əməkdaşlığın davamı da olacaq”.
Müsahibimiz Azərbaycanın Pakistanla hərbi ittifaq, yaxud hərbi əməkdaşlıq haqqında mühüm sənəd imzalamasının vacibliyini vurğulayıb: “Şəxsən mən bunu çox istərdim. O sənədin imzalanması qaçılmazdır. Mən inanıram ki, o sənəd imzalanacaq. Pakistan tərəfi bunu çox istəyir. Azərbaycan bəzi bəlli səbəblərdən hələlik bununla bağlı konkret qərar verməyib. Amma inanıram ki, bu da olacaq və ümumiyyətlə Pakistanın Azərbaycana dəstəyi çox önəmlidir. İndiki halda regionda, dünyada baş verən proseslərin fonunda Pakistanın Azərbaycana maddi, mənəvi və hərbi dəstəyi hər şeydən önəmldir. Ona görə də cənab prezidentin Pakistana səfəri çox vacibdir və bəzi isti başları sakitləşdirəcək. Elə bizim bədnam qonşularımızı, o cümlədən onun havadarlarını da yaxşı-yaxşı, dərindən düşünməyə vadar edəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev 28 fevral-1 mart tarixində Pakistan İslam Respublikasında səfərdə olub. Səfər zamanı Prezident İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə görüşü keçirilib. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib.
Səxavət HƏMİD