“Avropa tarixən Rusiya və Çin imperiyası kimi uğurlu ola bilməyib. Bu imperiyalar müxtəlif qitələrdə və müxtəlif dövrlərdə yaransalar da, onlar eyni dəyərlər əsasında fəaliyyət göstəriblər. 1945-ci ildə “soyuq müharibə” başladı və 45 il davam etdi”.
Teleqraf.com xəbər verir ki, bunu V Qlobal Bakı Forumunda “İttifaqlar və onların gələcəyi” mövzusunda panel müzakirədə Bolqarıstanın sabiq prezidenti (1997-2002) Petr Stoyanov bildirib.
Eks-prezindet bildirib ki, ABŞ yenə də dünyada yeganə supergüc olaraq qalır: “Əvvəlki vaxtlarla müqayisədə dövlətlər indi daha çox səy göstərməlidirlər. Bu gün əksəriyyət etiraf edir ki, ABŞ yenə də böyük güc olmaqda davam edir.
ABŞ-ın rəsmi ittifaqları ilə yanaşı qeyri-rəsmi ittifaqları da var. Bu gün ABŞ təqribən 50 dövlətlə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Bəs, ən güclü dövlətin gələcək taleyi necə olacaq? Bunu seçki kampaniyası zamanı Tramp açıqlamışdı.
Ancaq mən düşünmürəm ki, Trampın NATO ilə bağlı dedikləri həyata keçəcək. Düzdür, ABŞ NATO-ya daha çox pul xərcləyir. Digər NATO ölkələri isə ümumi daxili məhsulun cəmi 2 faizni NATO üçün xərcləyirlər.
ABŞ-ın çağırışlarına baxmayaraq Fransa, Almaniya kimi ölkələr NATO-ya Vaşinqton qədər pul xərcləmirlər. Bununla belə, biz NATO-nun gələcyinə inanırıq və Avropa İttifaqında NATO-nun nə qədər vacib olduğunu görürük. Biz unutmamalıyıq ki, NATO ölkələri təkcə təhlükəsizlik amilinə görə deyil, dəyərlər ətrafında birləşiblər”.
Səxavət