Milli Məclisin bu gün keçirilmiş plenar iclasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, MŞ sədri çıxışında bir sıra təkliflər irəli sürüb.
"Mən də hesab edirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabatı qənaətbəxşdir. Sənəd kifayət qədər əhatəlidir. Orada bütün sahələr üzrə görülən işlər yetərincə təsvir olunub, perspektiv vəzifələr müəyyənləşdirilib.
Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar tədbirlər xüsusi vurğulanmalıdır. O cümlədən maliyyə sektoru və pul siyasətinə əvvəlki illərdən daha çox diqqət yetirilməsini də qeyd etmək istərdim. Deyilənlər barədə hörmətli baş nazirimiz geniş və əhatəli danışdı.
Ümumən hesabata nəzər saldıqda bu qənaətə gəlmək olur ki, Nazirlər Kabineti devalvasiya nəticəsində yaranmış durumun ayrı-ayrı əhali kateqoriyalarına mənfi təsirlərini aradan qaldırmaq istiqamətində fəaliyyət göstərib. Bu isə son dərəcə vacib məqamdır. Nöqsanlar və çatışmazlıqlar da var. Əlbəttə, iş olan yerdə problemlər olmalıdır.
1. Mən nələri qeyd etmək istərdim? Birincisi ondan başlayım ki, bizim, yəni hörmətli həmkarlarımın Nazirlər Kabinetinin 2015-ci ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı təklif və tövsiyələri olmuşdu. 2016-cı ilin hesabatında onların icrası barədə məlumat verilib. Yada salım ki, mən həmin vaxt kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunu əsas tutaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif etmişdim. Yenə də məsələyə qayıtmaq istərdim. Çünki ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərməkdədir. Media isə həssas sahədir. KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil. Cəmi yarım milyon manat. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Mən bir daha təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram.
2. İkinci diqqət yetirmək istədiyim məsələ müharibə əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikilməsi ilə əlaqədardır. Bildiyiniz kimi, bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılıb. Deyərdim ki, kifayət qədər uğurla aparılıb. Bunu mediadan izləyirdik. Müxtəlif bölgələrdə evlərin tikilərək sahiblərinə təhfil verildiyinə dair xəbərlər oxuyurduq.
Onu deyim ki, Nazirlik tərəfindən Saatlı rayonunda da həmin kateqoriyadan olan şəxslər üçün 9 evin tikintisinə başlanılmışdı. Ötən il bəzi evlərin yalnız bünövrəsi qazıldı, bəziləri isə bir-iki daş qaldırıldı. Ümumən iş yarımçıq qaldı. Mövcud istiqamətdə müəyyən təmaslarım olub. Ortada olan mənzərə belədir ki, Maliyyə Nazirliyi evlərin inşası üçün vəsait ayırmır. Əslində məni inşa prosesinin hansı quruma dayanması o qədər də maraqlandırmır. İstərdim ki, məsələyə həssas yanaşılsın. Əgər evlər tikiləcəksə, tikilsin, yox tikilməyəcəksə, bu barədə məlumat verilsin. Təsəvvür edin ki, hazırda 9 ailə bilmir ki, həmin evlər tikiləcək ya yox. Onlar yalnız ümüd edirlər. Bəlkə doğrudan da şəhid ailələri üçün evin inşasının təxirə salınmasına səbəb olan ciddi səbəblər, daha vacib məsələlər var? Məsələyə aydınlıq gətirilməlidir.
3. Diqqət yetirmək istədiyim üçüncü məsələ tibb sahəsi ilə bağlıdır. Ümumən ölkəmizin bir çox bölgələrində müasir xəstəxanalar və diaqnostika mərkəzləri istifadəyə verilib. Aancaq təsəvvür edin ki, deputatı olduğum Saatlı rayonu üzrə 60 ali təhsilli həkim, 100-ə yaxın tibb bacısı yeri boşdur. Bu rəqəmlər çox düşündürücüdür. Məndə olan məlumatlara görə, başqa yerlərdə də demək olar, oxşar mənzərə müşahidə edilməkdədir. Təsəsvvür edin ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayondakı şöbəsində burun-boğaz-qulaq həkimləri belə kənardan gətirilir. Vəziyyət belə davam etsə, 10-20 il sonra nələrin baş verəcəyini düşünmək sadəcə qorxuncdur. Hesab edirəm ki, Azərbaycan hökuməti məsələyə xüsusi diqqət yetirməlidir. Hansısa stimullaşdırıcı tədbirlər görülməlidir. Torpaq və digər imtiyazların tətbiqi də nəzərdən keçirilə bilər. Tibb təhsili verən ali məktəblərdə dövlət hesabına təhsil alan tələbələr var. İlk növbədə onları bölgələrə yönləndirmək lazımdır. Dövlət hesabına təhsil alıblarsa, dövlət üçün vacib missiyanı da yerinə yetirsinlər. Ancaq əlbəttə, dövlət kimisə hansısa dağ kəndindəki ambulator məntəqəyə acından ölmək üçün göndərməməlidir. Yenə də deyirəm, hansısa stimullaşdırıcı tədbirlər tətbiq edilməli, yüksək əmək haqqı olmalıdır.
4. Daha bir məsələyə də diqqətinizi çəkmək istərdim. Bilirsiniz ki, post-neft dövründə yaşayırıq. Bu dövr ölkəmiz qarşısında yeni vəzifələr müəyyənləşdirir. İlk növbədə ənənəvi sahələrin rentabelliyini artırmalıyıq. Ənənəvi sahələrdən biri də kənd təsərrüfatıdır. Dövlətimiz sahənin inkişafına böyük önəm verir. Xaricdən texnika və avadanlıqlar alırıq. Ancaq bu yetərlidirmi? Mən yenə də deputatı olduğum Saatlı rayonunun timsalında bir məsələyə diqqət yetirəcəm. Məlum olduğu kimi, Saatlı aqrar rayondur. Kənd təsərrüfatının bir sıra sahələri bu rayon üçün ənənəvi sayılır. Yəqin elə buna görədir ki, orada nə vaxtsa peşə liseyi yaratmaq ideyası irəli sürülüb və yaradılıb da. Ancaq bu gün o lisey necə fəaliyyət göstərir? Ümumiyyətlə onun fəaliyyətindən danışmağa dəyərmi? Halbuki bu təhsil müəssisəsi kənd təsərrüfatı üçün kadrlar hazırlamalıdır. Ancaq liseyin yalnız adı var. Bərbad vəziyyətdədir. Sözüm ondadır ki, biz əgər kənd təsərrüfatının inkişafından danışırıqsa, məsələyə kompleks baxmalıyıq. Deməli təhsil məsələsinə fundamental yanaşılmalıdır. Xaricdən müasir kombaynlar, traktorlar və digər texnikalar alırıq. Bizə müasir texnikadan anlayışı olan traktorçu, kombaynçı, mexaniklər lazımdır. Mən Azərbaycan hökumətini bu məsələyə də diqqət yetirməyə çağırıram. Hökumətə daxil olan müvafiq qurumlar həssas olmalıdırlar.
5. Nəhayət diqqət yetirmək istədiyim sonuncu məsələ də əsasən kənd təsərrüfatı ilə bağlıdır. Deputatı olduğum Saatlı rayonu da Muğanın digər torpaqları kimi susuzluqdan əziyyət çəkir. Əlbəttə, rayonda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Hesabatda da bu barədə müvafiq qeydlər ətraflı əksini tapıb. Burada sadalayıb vaxtınızı almaq istəməzdim. Həqiqətən də həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq mən bir təklif də irəli sürmək istərdim. Suvarma işlərini daha da gücləndirmək üçün Kür çayının imkanlarından daha çox istifadə edilməsinə ehtiyac var. Bu məqsədlə Kürdən yeni su kanalı çəkilməlidir. Mən rayon rəhbərliyi ilə mövcud istiqamətdə müəyyən məsləhətləşmələr aparmışam. Təxminən 17-18 kilometr uzunluğunda kanalın çəkilməsi suvarma işinin daha səmərəli qurulmasını təmin edər. Bu isə şübhəsiz məhsuldarlığı artıracaq. İstərdim ki, Azərbaycan hökuməti 2017-ci ildə bu məsələyə də həssas yanaşsın"