Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir: "Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız məmnunluq doğurur.
İnanıram ki, Azərbaycan ilə Vatikan arasında ümumbəşəri dəyərlərin təntənəsi naminə uğurla davam edən əməkdaşlıq, birgə atdığımız addımlar bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar, bütün həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq diləyirəm".