“Tarix təkrardan ibarətdir. Ağıllı insanlar, tədbirli millətlər tarixdə baş vermiş hadisələrdən ibrət götürür, doğru nəticə çıxarırlar. Əgər vaxtaşırı tarixin qara səhifələri bir millətin taleyində vərəqlənir, təzələnirsə, o millətin həyatda itirdikləri qazandıqlarından çox olur.
Ermənilərin daşnak, Bakı kommunası, bolşevik-kommunist yarlıqları altında müsəlmanlara - azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə təkrar-təkrar soyqırım aksiyaları həyata keçirtmələrinə bağışlayıcı, humanist mövqe tutan millətimiz 1988-ci ildən bu günə Qarabağda və ətraf rayonlarda soyqırımın acısını yaşamaq məcburiyyətində qaldı”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Qubada “Ağ Məscid”də din xadimlərinin, ağsaqqalların və ziyalıların iştirakı ilə 31 Mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfransda Hacı Elnur Əfəndiyev deyib.
Elnur Əfəndiyevin sözlərinə görə, bu soyqırımların məqsədi təkcə Azərbaycan xalqına ziyan vurmaq yox, həm də böyük Ermənistan xülyasını gerçəkləşdirmək üçün erməni əhalinin üstünlüyünə nail olmaq kimi məkrli niyyət güdüb.
Milli Arxiv İdarəsi Quba filialının rəhbəri Şirin Müzəffərov ermənilərin Azərbaycanda, eləcə də Qubada törətdikləri dəhşətli vəhşiliklərlə bağlı geniş və hərtərəfli məlumat verib. Onun sözlərinə görə, 1918-ci il mayın 1-dən 10-dək ermənilər Qubadan çox böyük qətliamlar törədib, evləri yandırıb, soyğunçuluq ediblər.
Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli bildirib ki, erməni-daşnak qüvvələri və onların havadarları nahaq yerə türkləri hədəf seçməyiblər: "Bu, həm də islama qarşı çirkin bir əməldir, çünki onlar yaxşı bilirlər ki, islamın əsl təmsilçi və mühafizəçiləri türklərdir".
Digah kəndindən olan ziyalı Rafiq Mirzəyev kənd yaxınlığında azərbaycanlılarla ermənilər arasında olan tarixi döyüşdən bəhs edib: "Bu döyüşlərdə ermənilərin burnu ovuldu, onların qüvvəsi darmadağın oldu. Dərbənddən köməyə gəlmiş azərbaycanlılar bu döyüşlərdə şücaət göstərdilər. Çox istərdik Qanlıdərədə bu qəhrəmanlığı göstərən lövhə asılsın".
Keçmiş Qarabağ döğyüşçüsü, yazıçı Kərim Dünyamalı Qubada ermənilərə göstərilən müqavimətdən söz açıb. O, mərhum akademik Ziya Bünyadovla görüşünü xatırladıb: "Ziya müəllim dedi ki, qubalıların Şaumyan hökumətinə qarşı qiyamından xəbərin var? 1918-ci ilin aprelində 200 atlı Xırdalanacan gəlib, Qubada erməni soyqırımı da məhz belə şəraitdə vüsət alıb".
Natiqlər yerli əhalinin, o cümlədən nüfuzlu din xadimlərinin ermənilərə qarşı müqavimət və mübarizəsindən də söz açıblar.
MAHİR