“Son illər sahibkarlar arasında iribuynuzlu heyvanların süni mayalandırılmasına maraq artıb”.
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, buna səbəb 2015-ci il 19 avqust tarixli prezident sərəncamı ilə süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım göstərilməsidir:
"Yeni doğulmuş buzov üçün uçota alınmış heyvan sahibinin adına bank hesabı açılır, məbləğ həmin hesaba yüklənir. Sərəncamın icrasına başlandıqdan sonra ilkin mərhələdə 7449 baş inəkdən 8529 baş buzov əldə edilib. Bu ilin yanvar ayına olan son rəqəmlərə görə isə 3729 baş inəkdən 4407 baş buzov əldə olunub.
Fermerlər bu cür artımın həm sərfəli, həm də təzə doğulmuş cins buzovların xəstəliklərə davamlı olduğunu deyirlər".
Qeyd edək ki, süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiya verilməsi ilə bağlı rayon (şəhər) komissiyaları tərəfindən Respublika Komissiyasına təqdim edilmiş heyvan sahiblərinin siyahısı, süni mayalanma yolu ilə alınmış buzovlar və ödənilmiş subsidiyanın məbləği haqqında məlumatlar Kənd Təsarufatı Nazirliyinin rəsmi səhifəsində yerləşdirilir.
ŞƏFİQƏ