31 Mart 2017 17:05
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir. İqtisadi mərkəzlər və ekspertlər neftin qiymətləri ilə bağlı müxtəlif proqnozlar səsləndirirlər.

İqtisadçı ekspert İlham Şaban hazırkı durumu və qarşıda gözlənilənləri Teleqraf.com-a şərh edib.

İlham Şabanın sözlərinə görə, Brent markalı neft bu ilin birinci rübünü ortalama 53 dollardan yuxarı qiymətlə başa vurdu: “Bu bazar iştirakçıları üçün çox yaxşı qiymətdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə, demək olar ki, 54 faizə qədər artım müşahidə edildi. Buna səbəb 2008-ci ildən sonra ilk dəfə OPEK-ə üzv dövlətlərin 2016-cı ilin 30 noyabr yığıncağında öz kvotalarını azaltmağa doğru dəyişməsi oldu. Daha sonra qeyri-OPEK ölkələri də onlara dəstək verdilər.

Bazar bu qərarı müsbət qarşıladı və xeyli artım baş verdi. Ancaq bazarda dayanıqlı artım olması üçün OPEK-in hasilatı 1,2 milyon barel azaltması yetərli deyil. Çünki qeyri-OPEK ölkələri, o cümlədən bu təşkilata daxil olan 3 ölkədə artım müşahidə olunurdu.

İndi bazarda neftin qiymətlərinin 50 dollardan yuxarı həddə qorunub saxlanlması üçün bu kvotalara yenidən baxılması vacibdir. Buna 2 səbəb var.

Birincisi, ABŞ-da hasilat ilin əvvəlindən 160 min bareldən artıq artıb və təqribən 250-300 min barel də ilin sonuna qədər artması gözlənilir. Rusiya və Qazaxıstan neft hasilatını artıq azaltmır, onlarda yeni istifadəyə verilən yataqlar hesabına artım başlayacaq. Bu baxımdan mayın 25-nə planlaşdırılan OPEK konfransında hasilatın daha 600 min barel azaldılması hökmən gündəmə gəlməlidir.

Yəni OPEK bazardakı artıq nefti öz hesabına yığışdırmasa, neftin qiyməti düşməyə meylli olacaq. Yox, əgər apreldən bəyanatlar səslənsə ki, OPEK hasilatı azaltmağa hazırdır, bu bazar iştirakçılarına yeni pozitiv siqnallar olacaq və neft qiymətlərinin qalxmasına əsas kimi birjalara təsir edəcək”.

İlham Şaban ikinci rüb üçün neft bazarında qiymətlərin dəyişməsi ilə bağlı proqnoz da verib. O qeyd edib ki, hasilatda heç bir azalma baş verməsə belə, neftin qiymətləri 2 aya yaxın müddətdə bu bəyanatların və mövcud ab-havanın fonunda 50-55 dolar dəhlizində olacaq: “Təbii ki, bundan da qazanan iqtisadiyyatları neftdən asılı olan ölkələr olacaq”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər