Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni qaydalar hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bu qaydalarda bir çox yeniliklər var:
"Dəyişiklər müəllimlərin xeyrinə olacaq. 2017-ci ilə daha çox vakansiyanın və namizədin olması gözlənilir. Yeni qaydalar təsdiq edilən kimi ictimaiyyətə geniş məlumat veriləcək".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə aprelin 1-dən Azərbaycanda direktorların işə qəbulu üzrə müsabiqənin başlandığını xatırladıb. Onun sözlərinə görə, bu il direktor olmaq istəyən namizədlərin sayının rekord sayda olacağı gözlənilir: “Çünki ötən il ümumilikdə direktorların işə qəbulu üzə müsabiqəyə 3 min nəfər namizəd sənəd vermişdi. Bu il isə ərizə qəbulunun bağladığı 6 gün ərzində Bakı şəhəri istisna olmaqla region məktəblərində direktor olmaq istəyən 2 mindən çox namizəd elektron qeydiyyatdan keçib”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Baǧırov əlavə edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: “Yaxın zamanda təlimlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".
Eşqi Baǧırov müəllimlərin sertifikasiyadan keçirilməsinin nəzərdə tutulduğunu da deyib. Onun sözlərinə görə, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib: “Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.