- Qabil müəllim, Hamburqda G-20 sammiti başa çatdı. Sammitdən öncə düşünülürdü ki, dünyanın ən güclü 20 dövləti toplaşaraq mövcud qlobal problemlərin həlli baxımından mühüm qərarlar verəcək. Siz G-20 sammitinin yekunlarını necə qiymətləndirirsiniz?
- Mən G-20 sammitini yaxından izlədim. Mənim zənnimcə, bu zirvə toplantısı dünyanın çağırışlarına tam cavab verə bilmədi. Doğrudur, müəyyən dünyəvi proseslərin - iqtisadi böhran, terrorizmlə mübarizə kimi məsələlərdə fikir mübadiləsi oldu, yekun bəyannamə də qəbul edildi. Lakin bu məsələlərin həllinə dair konseptual xarakterli qərarlar ortaya qoyulmadı. Xüsusilə dövlətlərarası münasibətlərdə superdövlətlərin razılaşmasına ciddi ehtiyac olduğu təqdirdə Suriya məsələsi istisna olaraq hər hansı bir razılaşma əldə edilmədi. Nəzərə alaq ki, Suriya məsələsində razılaşma sammitdən əvvəl ekspertlər səviyyəsində əldə edilmişdi. Bu mənada sammitdə dünyada mövcud olan qlobal problemlər baxımından ciddi irəliləyiş əldə edilmədi. Məsələn, Ukrayna məsələsində Rusiya və ABŞ arasında danışıqlar aparılsa da, bu mövzuda ümumi, trafaret cavablardan kənara çıxılmadı. Konkret olaraq böyük bir dövlətin ərazisinin ilhaq edilməsi məsələsinə aydınlıq gətirilmədi. Üstəlik, bu ilhaqın başında duran dövlət həm G-20 sammitinin iştirakçısı və bu qurumun üzvüdür.
İkincisi, sammit çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşünə ciddi önəm verilirdi. İndi Amerika mediası Prezident Trampı “topa” tutub ki, görüş və müzakirələr zamanı Putini küncə sıxa bilməyib. Əksinə, Putin onu tora salıb. Demək istəyirəm ki, Suriya məsələsində olan kövrək razılaşma saziş səviyyəsində belə öz əksini tapmayıb. Ukrayna, Gürcüstan, Dağlıq Qarabağ məsələsi qalıb, dünyanın iqtisadi problemləri yerində durub, neftin qiymətinə münasibət səthi oldu. Bu gün İstanbulda keçirilən neft konqresində bu məsələ yenidən müzakirə ediləcək. Bir sözlə, G-20 sammiti beynəlxalq proseslərə stimul vermək, pozitiv meylləri canlandırmaq baxımından arzuedilən nəticələrə nail ola bilmədi.
Üçüncüsü, G-20 sammitindən sonra yenə də dünyada narazılıqlar qalır, qarşıdurma və onu törədən səbəblər yerindədir, silahlı münaqişələr həll edilməmiş vəziyyətdədir. Və ən nəhayət, inkişaf edən ölkələrlə yoxsul ölkələr arasında uçurumu aradan qaldırmaq istiqamətində praktiki addımların atılmasına qərar verilmədi.
- Dediniz ki, Hamburqda diqqət Putin-Tramp görüşünə yönəlmişdi. Tərəflər Suriya, Ukrayna və Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə ediblər. Siz demək istəyirsiniz ki, Ukrayna və sanksiyalar məsələsində tərəflər razılığa gələ bilmədi?
- Bəli, tamamilə haqlısınız. Tramp-Putin görüşü daha çox nəzakət, tanışlıq xarakteri daşıyırdı, onlar arasında ilk görüş idi. Bir qisim ekspertlər hesab edirlər ki, əslində belə bir görüşün olması vacib idi, çünki bu gələcək dialoqa təkan verə bilər. Ancaq amerikanlar hesab edirlər ki, bu görüşdə ABŞ prezidenti Putinin hiyləgər davranışları qarşısında aciz qaldı və Rusiyanın dünyada yaratdığı problemləri və bu problemlər üzərində oynadığı rolu kifayət qədər mənimsəmədiyini nümayiş etdirdi. Yəni iki aparıcı dünya dövlətləri arasında münasibətlər hələ də qeyri-müəyyən və çoxlu problemlərlə dolu şəkildə qalır.
- G-20 sammitindən sonrakı dünya necə olacaq. Proseslər indiki istiqamətdə davammı edəcək?
- Bildiyiniz kimi indiyə qədər dünya düzənində formalaşan status-kvoya cavabdeh dövlət kimi Amerika nəzərdə tutulurdu. Eyni zamanda hər şeyin Amerikanın yeritdiyi siyasətdən asılı olacağı qənaəti formalaşmışdı. Faktiki olaraq, bu, belə idi. Lakin Prezident Trampın dövründə Amerika xarici siyasət xəttində müəyyən tərəddüdlər, qeyri-müəyyənlik və eyni zamanda peşəkarlıq səviyyəsinin aşağı olması özünü hiss etdirdiyindən bu, dünyada olan vəziyyətə sirayət edir. Məsələn, Rusiya fövqəldövlət statusuna çırmanıb və az qala bu statusu əldə edib kimi görünməyə başlayıb. Ona görə də siyasi düzənə təsir etmək məqsədini qarşısına məqsəd qoyub.
Çində eyni arzu ilə, lakin çox ehtiyatlı şəkildə beynəlxalq münasibətlərdə çıxış edir. Çin Amerika ilə Rusiya arasında ustalıqla manevr edir. Bir növ iqtisadi imkanlarına söykənərək daxili iqtisadi vəziyyətini canlandırmaq və inkişaf etdirmək qayğısına qalır. Çin yaxşı başa düşür ki, iqtisadi metodlarla dünyanı özündən asılı salmaq olar.
- Ancaq Çin də hərbi silahlanmaya nəhəng maliyyə ayırır...
- Bəli, Çin də bu sahəyə kifayət qədər böyük maliyyə vəsaiti ayırır. Amma Çin və Yaponiya kimi ölkələrdə iqtisadi inkişaf qarşıda duran əsas vəzifə sayılır.
Sözsüz ki, militarizmə rəvac verən ölkələr də var. Bura ilk olaraq Rusiyanı daxil etmək olar. Elə Amerikanın özü də bu qəbildən olan dövlət hesab olunur. Bu ölkələr hesab edirlər ki, hər şeyi güc mövqeyindən həll etmək olar. Buna görə də dünyada gərginliyin azalacağını deyil, çoxalacağını proqnozlaşdırmaq mümkündür. Yəni beynəlxalq münasibətlər hələ də gərgin bir dövrü yaşamaqda davam edəcək.
- G-20 sammitindən Avropanın uduşu nədən ibarət oldu?
- Fikrimcə, əvvəla, avropalılar Amerikaya ciddi təzyiq göstərə bildilər. Eyni zamanda Prezident Trampın qarşısında kifayət qədər müstəqil olduqlarını və bu müstəqillikləri ilə az qala ABŞ-a tay-bərabər olacaqlarını göstərdilər. Digər tərəfdən, ABŞ-ın indiki administrasiyasına anlada bildilər ki, dünyanın taleyi Amerika və Avropa münasibətlərinin möhkəmləndirilməsindən keçir. Başqa sözlə, NATO-nun gücləndirilməsindən. Üstəlik dünyadakı neqativ dağıdıcı proseslərin qarşısını almaqda NATO hərbi-siyasi ittifaqının daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyəti var. Əlavə edim ki, son zamanlar Tramp hökuməti də təxminən Avropanın düşündüyü kimi düşünməyə başlayır, lakin yenə də Avropadan hərbi xərclərin artırılmasını tələb edir. Avropa da milli gəlirlərinin müəyyən faizini hərbi xərclərə yönəltməyə qarşıdır.
- Hamburq sammitində dünyanın 20 güclü iqtisadiyyatına malik dövlətindən biri kimi Türkiyə də iştirak etdi və xüsusi aktivliyi ilə seçildi. Sizcə, bu sammitdə Türkiyənin qazancı və itirdiyi nə oldu?
- Mən açıq deyim ki, qardaş ölkənin Almaniya ilə ziddiyyətləri kəskinləşdirməsini başa düşə bilmirəm. Türkiyə İncirlik bazasından alman hərbi hava qüvvələri kontingentini çıxardı, İordaniya isə çox böyük həvəslə bu kontingenti öz ərazisində yerləşdirdi. Bu dövlət büdcəsinə daxil olan böyük vəsait və Almaniya kimi böyük dövlətlə yaxın münasibətlərin bir hissəsi idi. İndi bu münasibətlərə ciddi ləkə düşüb. Prezident Ərdoğan bu iddiada qalır ki, Almaniyada yaşayan mühacir türklərlə istədiyi zaman mitinq keçirə, onlarla görüşüb təbliğat işi apara bilər. Prezidentin bu məsələdə nə dərəcədə haqlı olub-olmadığını söyləmək iddiasında deyiləm. Ancaq hər bir ölkənin öz daxili suveren qaydaları var. Mənim zənnimcə, bu qaydalara hörmətlə yanaşmaq hər kəsin borcudur.
İkincisi, Türkiyə-Almaniya münasibətlərinin çox qədim tarixi kökləri var. Almaniyanın II Dünya Müharibəsindən sonra dirçəldilməsində türklər mühüm rol oynayıb. Münhen şəhərinin mərkəzində türk fəhləsinin şərəfinə böyük bir abidə ucaldılıb və bu almanların türklərə minnətdarlığının simvoludur. İndi bu iki dövlət arasında yaranan gərginlik fikrimcə, süni gərginlikdir və bir çox məqamlarda subyektiv xarakter daşıyır, obyektiv meyllərdən irəli gəlmir. Hesab edirəm ki, qardaş ölkə Avropa ölkələri ilə münasibətlərə diqqətlə yanaşsa, bu ümumi işin xeyrinə olar. Məsələn, Hollandiya ilə münasibətlər gərgindir. Avropa Birliyi ilə danışıqlar prosesinə son verilib. Avropa Parlamenti qərar çıxararaq Türkiyənin Avropa Birliyinə daxil olması haqda dialoqu dayandırıb.
- Türkiyə təcrid olunub?
- Təkcə təcrid olmur, həm də Rusiya ilə danışıqlara, yaxınlaşmaya itələnir. Əlbəttə, Rusiya ilə yaxın qonşuluq münasibətlərinin olması vacibdir, amma strateji maraqlar və digər məqamlar baxımından Avropa ilə münasibətlərin yüksək səviyyədə olması arzuediləndir.
- Demək olarmı ki, dünyada sabitlik və iqtisadi tərəqqi naminə G-20 sammitində iştirak edən liderlər öz ölkələrinin maraqlarından geri çəkilmədi?
- G-20 sammitində əsas detonator rolunu Rusiya oynadı və oynamaqda davam edir. Dünyada sabitlik və bir sıra problemlərin həlli üçün Rusiyanın daha obyektiv mövqe tutmasına ciddi ehtiyac duyulur. Hər bir dövlət özünün siyasi və iqtisadi maraqlarının keşiyində durmağa daha çox cəhd edir, amma dünyanın hay çəkən problemləri var. Məsələn, dünya ekoloji problemi bunlardan biridir. ABŞ kimi böyük dövlətin Paris sazişindən çıxması xeyli təəssüf hissi doğurur və anlaşılan deyil. Bu baxımdan dünyada dövlət rəhbərlərinin subyektiv davranışı problemi var, bir də dünyanın həmrəyliyə və dünya problemlərinin birgə həll edilməsinə can atmaları gerçəkliyi var. Hələlik bu iki xətt arasında ciddi mübarizə gedir. Ümid edək ki, sonda dünya problemlərinin həlli üçün siyasi həmrəylik tərəfdarları qazanacaq.
- Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Reks Tillersonla müzakirələr aparıb. ABŞ-da prezident seçkilərindən sonra ilk dəfədir ki, belə yüksək səviyyəli görüş keçirilib. Bu görüşü necə şərh edirsiniz?
- Bəli, bu ABŞ-la prezident seçkilərindən sonra ilk yüksək səviyyəli görüşdür. Buna qədər ABŞ prezidenti iki dəfə Azərbaycan prezidentinə məktub göndərib. Həmin məktublarda Azərbaycan xalqının və prezidentinin ünvanına xoş fikirlər işlədilib. Hətta Amerika Azərbaycana, onun yeritdiyi xarici siyasətə, proseslərə verdiyi töhvəyə layiqincə qiymət verir. Ancaq iş ondadır ki, Dağlıq Qarabağ probleminə ikili standartlarla yanaşma məsələsi var. Bu məsələdə ABŞ-ın mövqeyində müsbət dəyişikliklər hiss edilməkdədir. Fikrimcə, həm Prezident Trampın məktubları, həm də Tillersonla müzakirələr bu xəttin qələbə çalmasına və işğala məruz qalan Azərbaycanla bağlı daha konkret fikirlərin formalaşmasına səbəb olacaq. Bu isə ABŞ-la münasibətlərin sağam inkişafına böyük töhvələr verə bilər.