Teleqraf.com xəbər verir ki, iyulun 5-də dəfn edilən nənə və nəvənin yeddi mərasimi iyulun 11-də keçirilib. Yas mərasimi böyük izdihama çevrilib. Dörd mindən artıq insanın iştirak etdiyi mərasim insanların erməni vəhşiliyinə etirazının bir forması kimi də başa düşülə bilər.
Mərasimə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, sadə insanlar, o cümlədən digər rayon və şəhərlərindən olan şəxslər, həmçinin respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi şəxsləri qatılıblar. Sahibə Quliyeva və onun azyaşlı nəvəsi Zəhranın məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Digər şəhidlərimizin dəfn və yas mərasimləri zamanı olduğu kimi Sahibə Quliyeva və onun nəvəsinin yas və yeddi mərasimi də Ermənistan rəhbərliyinin mənfur əməllərinə qarşı xalqın birlik rəmzinə çevrilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin dinc əhalini mütəmadi olaraq atəşə tutması, qadınları və azyaşlı uşaqları hədəf götürməsi lənətlənib. Eyni zamanda Alxanlıda törədilən təxribatın cavabsız qalmadığı qeyd olunub.
Alxanlı sakinləri bir daha düşmənin bu cür hərəkətlərindən qorxmadıqlarını, öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.