Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu xain hadisə zamanı 250 nəfər şəhid olub, 2 mindən çox insan yaralanıb: "Şəhid olanlardan biri Azərbaycanda yaşayırdı, onun həyat yoldaşı azərbaycanlı idi, hadisə vaxtı Türkiyədə idilər. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Həmin gecə insanlar tankların önündə yataraq sinəsini vətən uğrunda sipər etdi. Türk xalqı iyulun 15-i dünyaya örnək göstərdi, demokratiya dərsi keçdi.Təəssüf ki, bəziləri özünü peyğəmbər elan edən Pensilvaniyadakı liderlərinin əmrini icra edərək onun robotuna, quluna çevrildi. O cür insanlar cəmiyyətdən təmizlənməlidir. Onlara insan demək mümkün deyil. Çünki onlar insanlıq düşməni, vicdan duyğusu olmayanlardır".
Diplomat FETÖ ilə mübarizə çərçivəsində Türkiyənin zəifləmədiyini, əksinə iqtisadiyyatının daha da gücləndiyini qeyd edib: "Bu gün Türkiyə nəinki FETÖ ilə həmçinin PKK, PYD, İŞİD kimi qüvvələrlə mübarizə aparır. Türkiyə Cümhuriyyəti Suriya ilə sərhəddinin güvənliyini təmin etmək üçün yeni hərəkata başladı, Əl-Baba qədər irəlilədi. Bundan sonra da terorçularla mübarizəmizi davam etdirəcəyik. Bu mübarizədə bizim yanımızda olan dövlətlərin başında Azərbaycan dayanır. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür".