15 İyul 2017 10:52
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNESCO-nun əvvəlki nüfuzunu qaytarmaq, onun səsinin bütün dünyada eşidilməsini istəyirəm.

Teleqraf.com xəbər verir ki, Fransanın Huffingtonpost saytında UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “UNESCO-nun əvvəlki iqtidarını geri qaytarmaq istəyirəm ki, onun səsi Parisdə və bütün dünyada eşidilsin” adlı məqaləsi dərc olunub.

Məqalədə UNESCO-nun imicinə uyğun gələn humanizm, həmrəylik, qardaşlıq və universallıq kimi dəyərlərin xüsusi olaraq qeyd edilməsi üçün ən yaxşı vaxtın Ramazan bayramı olduğunu diqqətə çatdıran müəllif bildirib ki, BMT-nin 17 qurumundan təhsil, elm və mədəniyyət sahələri üzrə ixtisaslaşan təşkilat kimi UNESCO yarandığı gündən xalqlar və dövlət rəhbərləri ilə əməkdaşlıq edərək ədalətə, hüquqi dövlətə, insan hüquqlarına, əsas azadlıqlara riayət edilməsi istiqamətində fəaliyyət göstərir.

Məqalədə mülki şəxslərin, cəmiyyətin ən zəif təbəqəsi olan uşaqların müharibələrin əzablarına daha çox düçar olduğu bildirilərək, onların müharibə əzablarından qurtulması üçün mədəniyyət, etnik, dil və din müxtəlifliyini, sivilizasiyaların əsasını qoyan ideya və normaların qorunub saxlanılmasının vacibliyi vurğulanır. Universal insanlığı qoruyub saxlamaq və təşviq etmək lazımdır ki, cəmiyyətimizin birliyini, birgə yaşamaq ideyalarını məhv etmək, dağıtmaq istəyən cahillərdən qoruya bilək. Dünyamızın tərəqqisinə mane olmaq istəyən düşmənlərimizə, terrorist təşkilatlara, nihilistlərə qarşı mübarizə aparmalıyıq. Xoş məramlı insanlar, eləcə də diplomatik rəhbərlər kimi belə dəyərlərimizi müdafiə və təşviq etmək ümdə və təcili vəzifəmizdir. Mədəni və tarixi irsimizi məhv edən müharibələrin qarşısı alınmalıdır. UNESCO-dan siyasi alət kimi istifadə olunması təşkilatın əsl missiyasının yerinə yetirilməsinə və fəaliyyətinin səmərəliliyinə mane olur.

UNESCO-nun sülhün qorunub saxlanması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıran P.Bülbüloğlu qurumun maliyyə büdcəsinə yenidən baxılmasının vacibliyinə toxunub. Qeyd edib ki, iqlim dəyişikliyi, terrorizmin mülki şəxslərə və onların həyatına mənfi təsiri, müharibələrin dağıdıcı nəticələri, material və qeyri-material irsin dağıdılması kimi məsələlərə diqqət çox vacibdir və UNESCO özəl sektorla razılaşaraq bunların həlli ilə məşğul olmalıdır. Bu işə maliyyə vəsaitləri və böyük intellektual imkanlar yönəldilməlidir.

O vurğulayıb ki, BMT-nin digər institutları, eləcə də Parisdə yerləşən, 35 üzv ölkədən ibarət Əməkdaşlıq və iqtisadi inkişaf təşkilatı (OCDE) və 84 üzv ölkədən ibarət Fransız dilli ölkələrin beynəlxalq təşkilatı (OİF) kimi digər hökumətlərarası təşkilatlarla əməkdaşlıq etməklə bu istiqamətdə müvəffəqiyyət əldə etmək olar. Müəllif, diqqətə çatdırıb ki, qurumun əvvəlki nüfuzunu qaytarmaq, onun səsinin bütün dünyada eşidilməsinə nail olmaq istəyir. İcra Şurasının oktyabr ayında toplaşacaq 202-ci sessiyasına və noyabr ayında toplaşacaq UNESCO-nun 39-cu baş konfransına bu ambisiyalarla gedərək təşkilatın 11-ci baş direktoru olmaq istəyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər