15 İyul 2017 16:47
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal terrorizm şəbəkəsi çox təəssüf ki, bir il öncə Türkiyə Cümhuriyyətində dövlət çevrilişinə cəhd etdi və qardaş ölkə daxilində xaos yaratmaqla onun milli təhlükəsizliyini təhdid altına aldı. Ancaq türk xalqı tarixin növbəti mərhələsində yenidən dövlətçilik imtahanı verərək öz milli iradəsinə, demokratiyaya sahib çıxdı və öz dövlətçiliyinin etibarını qoruyub saxlamağı bacardı. Həmin vaxt Türkiyədə baş verənlərə ilk siyasi qiymət verənlərdən biri məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu.

Bunu Prezident İlham Əliyevin iyulun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubu Teleqraf.com-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu qeyd edib Azərbaycan Prezidenti Türkiyədəki hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirdi: “Elə bu hadisələrin birinci ildönümü ilə bağlı biz cənab İlham Əliyevin Türkiyə Prezidentinə məktub ünvanlamasının şahidi olduq. Azərbaycan Prezidenti çox haqlı olaraq Azərbaycan xalqının və dövlətinin daim qardaş Türkiyənin yanında olduğunu bir daha vurğulamaqla Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələdə də daha sürətlə, daha yaxşı inkişaf edəcəyi ilə bağlı ümidlərini ifadə etdi.

Dünən Akademik Milli Teatrda 15 iyul hadisələrinin birinci ildönümü ilə bağlı keçirilən mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov da məhz bu mövzuya toxunaraq qeyd etdi ki, Azərbaycan özü dövlət çevrilişlərinə cəhdlərdən əziyyət çəkən ölkədir.

Azərbaycanda 1994-cü ilin oktyabrında və 1995-cü ilin martında dövlət çevrilişinə cəhdlər olub, kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu çox yaxşı bilir. Qeyd olundu ki, Türkiyənin güclü olması Azərbaycanın güclü olmasıdır. Azərbaycan-Türkiyə münasibətləri nə qədər yaxşı olarsa hər iki ölkə xalqının xeyrinə olacaq, hər iki ölkə xalqına rifah gətirəcək. Ona görə də mən düşünürəm ki, bu tarixi hadisə həm də fəal vətəndaşların müasir beynəlxalq münasibətlərdə baş verən hadisələrdən ibrət dərsi götürmələri üçün bir fürsətdir”.

H.Babaoğlu bildirib ki, qlobal terrorizm bu gün bizim qarşımıza ən müxtəlif cildlərdə çıxır: “O, bəzən hərbçi, bəzən pilot, bəzən elə lap yaxın silahdaşımız kimi bizim önümüzdə dayanır. Türkiyə təcrübəsində isə biz gördük ki, qlobal terrorizm hətta, ali hərbi rütbəli zabitlərin – generalların köməkçisi, yavəri kimi meydana çıxır. Ona görə də mən düşünürəm ki, bu hadisələrdən sonra daha diqqətli olmaq və ölkələrimizin əmin-amanlığı, milli maraqları hər şeydən üstündür. Cənab Prezidentin hörmətli cənab Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubunda da bütün bunlar bir daha vurğulanıb”.


Müəllif: Səxavət HƏMİD