Teleqraf.com xəbər verir ki, tədbirdə Komitə sədri Hicran Hüseynova Azərbaycan xalqının inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu bildirib:
"Bütün sahələrdə olduğu kimi medianın da inkişafı göz önündədir. Bu, Prezident İlham Əliyevin müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətinin göstəricisidir. Bu gün yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar özlərinə geniş oxucu auditoriyası toplayıb və qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevriliblər".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Azərbaycan mediası 142 illik zəngin yol keçib:
“Mətbuat cəmiyyət üçün ağrılı problemlərini qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalq ilə bağlı olub, onun inkişafı üçün var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuatın Azərbaycan dövlətinin inkişafında, problemlərinin həllində mühüm rolu olub. 2010-cu ildə prezidentin təşəbbüsü ilə təməli qoyulmuş bina 2013-cü ildə istifadəyə verildi. Bu gün isə növbəti binanın açılış mərasimi keçirildi. Artıq üçüncü binanın təməli qoyulub. Bu, Azərbaycan prezidentinin mətbuata diqqət və qayğısının bariz nümunəsidir".
Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, həyatımızı informasiyasız təsəvvür etmədiyimizə görə bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır:
“Azərbaycan mətbuatı şanlı tarixə malikdir. Biz hər birimiz bu tarixlə fəxr edirik. Bu gün Azərbaycan mətbuatı inkişaf yolundadır. Bu inkişafın daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyini göstərir. Ölkəmizdə mətbuat azadlığı, söz azadlığı təmin edilib. Bu gün hamımız Azərbaycandakı mətbuat azadlığından məsuliyyətlə istifadə etməliyik”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə mətbuat üçün yaradılan şəraitdən danışıb, dövlət və mətbuat münasibətlərinin, medianın peşəkarlıq səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Konfransda ASAN Radionun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunub.
Tədbirin sonunda jurnalistlərə diplom və mükafatlar təqdim olunub.