Bu barədə APA-ya vəkil Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, Lapşin ərizəsində İsrailə təhvil verilməsini xahiş edib.
E. Çernin deyib ki, Lapşin barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra onun təhvil verilməsi baş tuta bilər.
Xatırladaq ki, A. Lapşin bir müddət əvvəl İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini istədiyini deyib. O, barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.
Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma - Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.
A. Lapşin məhkəmədə son söz deyərkən Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün peşman olduğunu bildirib: "Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Men heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm".
A. Lapşin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini söyləyib: "Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burada olanda da mənə yaxşı münasibət göstərilib".
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.