4 Avqust 2017 09:39
4 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Surət Hüseynovun müsahibəsində dedikləri, irəli sürdüyü iddia və ittihamlar ilə tanış olmuşam. Ancaq bu fikirlərində məntiqə uyğun heç nə görmədim.

Surət Hüseynov ümumi şəkildə deyir ki, mən torpaqları geri alırdım, ancaq AXC hakimiyyəti qoymadı. Əgər torpaqları almaq istəyirdinsə, alardın. Kim sənin qarşına sədd çəkmişdi, imkan vermirdi ki, torpaqları işğaldan təmizləyəsən? Konkret danışmaq lazımdır. İndi hamı ağlına gələni danışır.

Bu fikirləri Teleqraf.com-a Əbülfəz Elçibəyin prezident olduğu dönəmdə onun şəxsi mühafizə xidmətinin rəhbəri olan Oqtay Məmmədov Surət Hüseynovun son açıqlamalarını şərh edərkən deyib.

Oqtay Məmmədov xatırladıb ki, Qarabağda itirilən torpaqların geri alınması ilə bağlı ən münbit şərait 1993-cü ilin fevralında olub:

“Ancaq o anda Surət Hüseynov qoşunları Ağdərə istiqamətində geri çəkdi. Surət Hüseynova qoşunların geri çəkilməsi üçün prezident Əbülfəz Elçibəy tərəfindən göstəriş verilməmişdi. O zaman qoşunları hansı səbəbdən geri çəkdi? Bildiyim qədərilə müdafiə nazirinin də bununla bağlı əmri olmamışdı”.

Mərhum prezidentin şəxsi mühafizə xidmətinin rəisi deyib ki, Surət Hüseynovun “vətən xaini”, “Rusiyanın adamı olması” haqda xəbərlərin yayılması heç vaxt Elçibəyin marağında olmayıb:

“Həmin dövrdə belə söz-söhbətlər ola bilərdi. Ancaq Prezident Aparatı səviyyəsində və prezident səviyyəsində bu edilmirdi. Sadəcə ortalıqda belə fikirlər gəzirdi. Bu fikirlərin kimlər tərəfindən dövriyyəyə buraxıldığını bilmirəm. Mən prezidentdən heç vaxt bu haqda bir fikir belə eşitməmişəm”.

Oqtay Məmmədov deyib ki, əslində, Əbülfəz Elçibəyin Surət Hüseynova münasibəti çox isti olub:

“Surət əvvəllər cəbhədə gerçəkdən vuruşurdu. Eyni zamanda maliyyə dəstəyi göstərirdi. Prezident də onun vətən qarşısında bu fəaliyyətini qiymətləndirərək Milli qəhrəman adı verdi. Sonra isə Surət Hüseynovu baş nazirin müavini təyin etdi. Mən dəqiq xatırlayıram ki, biz prezidentlə 1993-cü ilin fevralında Gəncəyə getdik. O zaman prezident Elçibəy Surət Hüseynova tapşırdı ki, təcili qüvvə toplayaraq Murov istiqamətində ermənilərin qarşısını kəssin. Surət Hüseynov da prezidentə baş üstə deyərək getdi və hazırlıq işlərinə başladı. Mən bu söhbətlərin içində olmuşam. Surət Hüseynov bundan əvvəl ordunu geri çəkmişdi. Elçibəy də yenidən qüvvə toplayıb əks hücum haqqında qərarlı idi. Ancaq sonra başqa cür oldu”.

Oqtay Məmmədov qeyd edib ki, Gəncə qiyamından sonra Bakıda müəyyən kriminal dəstələrin daxil olduğu, onların prezidentə qarşı sui-qəsd təşkil etymək niyyətləri haqda fərqli mənbələrdən informasiya alıblar:

“Bu qruplar Rusiyadan gəlmişdi. Ancaq bu qruplarla Surət Hüseynovun arasında bir əlaqənin olduğunu düşünmürəm. Heç bir əlaqələri yox idi. Bu dəstələr birbaşa Moskvadan idarə olunurdu və Surət Hüseynovla heç vaxt məsləhətləşməzdilər. Əlbəttə, müəyyən fikirlər və düşüncələr var. Ancaq konkret fakt olmadığı üçün adlar çəkməyim doğru olmazdı. Bu məsələdə Surət ikinci dərəcəli adam idi. Onun rolu ondan ibarət idi ki, qiyama başlasın. Bunu bilərəkdən, təsadüfən, qanmadan edib-etmədiyi haqda isə konkret fikrim yoxdur. Çünki Surətlə Elçibəy arasında normal münasibət var idi. Gəncədə normal görüş oldu. Bakıda da Surət Hüseynov prezidentlə görüşdən razı qalmışdı. Narazılıq əsla hiss edilmirdi. Sonra Yun Komitəsi yaradıldı, Surətə təklif edildi ki, bu komitəyə rəhbərlik etsin. Qiyam başlayanda belə Əbülfəz Elçibəyin istefa məsələsi qoyulmamışdı. Əsasən Pənah Hüseyn və İsa Qəmbərin istefası tələb edilirdi. Sonradan Surət Hüseynov prezidentin istefa məsələsini ortaya atdı”.

Müsahibimiz qeyd edib ki, Surət Hüseynov elə ciddi fiqur deyil ki, indi kiminsə üçün yararlı olsun:

“Belə başa düşürəm ki, Surət ölkədə yaşamır, Türkiyədə olur, bura da 3-5 günlük gəlir. Özü yazır ki, sosial şəbəkələrdə onu təhqir edirlər. Odur ki, cavab vermək istəyib. Başqa nə ola bilər ki? Surət Hüseynov o masştabın adamı deyil ki, yenidən ondan istifadə edilsin. Əslində, sizə deyim ki, Elçibəy Surət haqqında pis düşünmürdü. Bu işlərdə Surətdən də pis insanlar var idi və həlledici rollar oynayırdılar. Surət aldanmış adam rolunda idi. Bunlar mürəkkəb söhbətlərdir. Fakt olmadan danışmaq bir az çətindir. Heç istəmirəm ki, bu söhbətlərə də qarışam”.


Müəllif: Cavad

Oxşar xəbərlər