29 Avqust 2017 15:12
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Xocalı faciəsinə aid ən ağır kadrların müəllifi jurnalist Çingiz Mustafayevin doğum günüdür.

Teleqraf.com Çingizin ən yaxın dostu, həmkarı, 20 ildən artıq ANS TV-də operator vəzifəsini icra edən Azər Qarayevlə müsahibəni təqdim edir:

- Azər bəy, Çingizlə tanışlığınız necə oldu?

- Mən 1981-ci ildən Çingizlə dostluq eləmişəm. O vaxt Azneft meydanında tibb işçilərinin mədəniyyət evi vardı. Orda diskoklub fəaliyət göstərirdi. Çingiz isə oranın rəhbəri idi. Mənim də gənc vaxtlarım idi, dostlarımla həmin kluba istirahətə getmişdik. Müəyyən vaxtdan sora Çingiz məni gördü, tanış olduq, söhbət əsnasında iş elə gətirdi ki, elə o vaxtdan bir yerdə işləməyə başladıq. Bizim həmin vaxt başladığımız işbirliyi 90-cı illərə qədər davam elədi.

- Bəs necə oldu ki, bu münasibət dostluğa, qardaşlığa çevrildi?

- Kiçik kollektivimiz vardı. Tez-tez işçilər dəyişirdi, amma mən daimi idim. Hamımız artıq bir-birimizlə dost olmuşduq. O dostlardan indi demək olar ki, heç biri qalmayıb. Əksəriyyəti rəhmətə gedib. Belə demək mümkünsə, 90-cı illərin hadisələri başladı və bizi bir-birimizdən ayırdı.

- Çingizin Xocalıya çəkilişə getdiyini eşidəndə nə düşündünüz?

- Çingiz o vaxtlar 215 Kl-ə getdi. Jurnalistika fəaliyyətinə başladı. Həmin vaxt bir az yollarımız ayrıldı, artıq daha az-az görüşürdük, amma dostluq münasibətimiz qalırdı. Hətta daha da güclənmişdi. Elə həmin vaxtlar eşitdik ki, Çingiz döyüşlərin ən qaynar hissələrində çəkilişlər aparır.

- Bəs Çingiz orda olduğu vaxtlar necə əlaqə saxlayırdınız?

- O vaxt mobil telefon da yox idi. Demək olar ki, əlaqə saxlaya bilmirdik. Hərdən evinə zəng vururdum. O da evdə çox az tapılırdı.

- O vaxt Çingizin oğlu artıq dünyaya gəlmişdimi?

- Hə, Fuadın atası rəhmətə gedəndə onun heç bir yaşı yox idi. Mən bildiyimə görə, təxmini 9-10 aylıq idi. Çingiz oğlunu çox istəyirdi.

- Sizinlə bir yerdə olanda ailəsindən, oğlundan nə danışırdı?

- Onu bilirəm ki, çox xoşbəxt idi. Öz həyat yoldaşını, uşağını çox istəyirdi. Heyf ki, bu dünyadan doymadan getdi.

- Bəs Xocalı hadisələrini lentə aldıqdan sonra Çingizi bir daha görmədinizmi?

- Zatən həmin vaxtlar artıq onu çox az görürdük. Xocalıdan sonra bircə dəfə görüşdük. O da ayaqüstü... Nə onun, nə mənim vaxtım oldu ki, bir dəfə oturub rahat söhbət edək.

- Ayaqüstü olsa da Xocalını görmüş adam sizə nə dedi?

- İnanın ki, heç nə danışmadı. Heç buna ehtiyac da qalmadı. Çünki onun çəkdiyi kadrlar artıq bütün dünyada danışırdı. Həmin lent yazıları hər şeyi deyirdi. Bu kadrları görənlərin bundan sonra Çingizə sual verməyinə də ehtiyac qalmırdı.

- Bəs Çingizin ölüm xəbərini necə eşitdiniz?

- Yadımdadır ki, axşam evə gəldim. Anam dedi ki, nəsə bir xəbər eşitməmisən? Soruşdum ki, yox, nə olub ki? Anam dedi ki, deyəsən Çingizi yaralayıblar. Mən inanmadım və dedim ki, ola bilməz. Televizor qarşısında oturub baxmağa başladım. Rusiya telekanalında Netkova xəbərləri aparırdı. O, dedi ki, biz artıq onun reportajlarını, qaynar nöqtələrdən çəkdiyi kadrları canlı olaraq görməyəcəyik. Tərslikdən xəbərin sonu idi. Kimdən danışdığını ağlıma gətirdim, amma yenə inanmaq istəmədim. Yenə də bu mənim üçün qaranlıq qaldı. Səhər İnşaat İnstituna işə gəldim. Orda fotoqraf kimi fəaliyyət göstərirdim. İşə çatan kimi dedilər ki, sən Çingizlə dostluq etmisən, onun fotosu lazımdır, olsa səndə olar. Artıq bu ölüm xəbərinə inanmağa başlamışdım. Çingizin balaca bir şəklini tapıb böyütdüm, redaktora verib işdən çıxdım. Birbaşa Yasamala, Naxış xalagilə üz tutdum. Artıq Çingizin ölüm xəbərini qəbul edə bilmirdim, Naxış xalagilə də onu görmək ümidilə gedirdim. Elə bilirdim deyəcəklər ki, yaralanıb, amma sağdır.

Elə o evə çatmışdım ki, həyətdə Vahidi, Seyfullanı, xeyli insanı gördüm. Artıq ciddiyyəti anladım və mənə çatdı ki, biz deyəsən əzizimizi itirmişik.

- Bizim nəsil heyf ki, Çingizi canlı olaraq, tanıya bilmədi. Amma ondan qalan kadrlardan xasiyyətinin nə qədər ciddi olması, özünün necə cəsarətli və sözü düz üzə deyən olması görünürdü…

- Sizi əmin edirəm ki, əslində, onun xasiyyəti tünd deyildi. Hər adam əsəbiləşəndə qışqırır da, dağıdır da. Siz onu artıq jurnalist kimi, erməni bəlalarından keçmiş adam kimi tanıyırsınız. Amma mən onu müharibədən əvvəl də tanıyırdım.

- Bəs Çingiz müharibə olmadan öncə nə danışırdı? Nə vaxtsa belə hadisələrin baş verəcəyini ağlına gətirirdimi?

- O vaxt biz ümumiyyətlə, müharibə fikrindən çox uzaq idik. Sovet dövründə yaşayırdıq və bizi inandırmışdılar ki, müharibə ola bilməz, heç kim bizə bata bilməz. Təkcə bizdən yox, bütün camaatdan müharibə fikri uzaq idi. Ona görə də müharibə başlayanda çoxu çaşqın vəziyyətdə idi. Gözlənilmədən çətinliyin içinə düşmüşdük. Buna hazır deyildik. Yoxsa belə olmazdı.

- Çingiz müharibədən heç danışmamışdı?

- Yox, o ancaq işindən, texnikadan, vizual effektlərdən danışırdı.

- Çingizin ölümündən sonra qalan əşyaları necə oldu?

- Onun əşyaları – ölümündən sonra cibindən çıxan sənədlər, siqaret, pulları, qəpikləri, kibrit qutusu, qol saatı, pleyer hamısı sanki bir muzey əşyası kimi saxlanıldı. Yeri gəlmişkən, Çingizin həmin pleyeri Azərbaycandakı birinci pleyer idi.

- Bəs Çingizin Xocalını çəkdiyi kamerası necə oldu?

- Əslində o, Çingizin öz kamerası deyildi. AzTV-nin kamerası ilə işləyirdi. Kameranın aqibətindənsə, xəbərim yoxdur.

- Son olaraq, Çingiz barədə nə deyərdiniz?

- Heyf ki, belə oldu. O, jurnalistikaya getməsəydi, adi bir insan olsaydı, sağ qalacaqdı. Kaş sağ qalardı, amma yanımızda olardı. Çingizin adı yox, özü bizə lazım idi. Amma hərdən də düşünürəm ki, Çingiz həyatı bahasına çox şey elədi. Onun çəkdiyi kadrlar olmasaydı, Xocalıda ölən o qədər insanın real kadrlarını biz görməyəcəkdik. Dünya gördüklərinə inanmaq istəmir. O kadrlar olmasaydı, danışdıqlarımıza heç inanmazdılar. Yaxşı ki, Çingiz o kadrları çəkdi və ermənilərin əsl simasını bütün dünyaya göstərdi.

Qeyd edək ki, Çingiz Mustafayev 1960-cı ildə Həştərxanda anadan olub. O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təyinatla üç il Dəvəçidə həkim işləyib. Elə həmin il dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını səsləndirib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub.
O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayılırdı.
Ç. Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Onun məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Fuad adlı bir övladı yadigar qalıb.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər