İdmançılar yarışlara “Gənclər və İdman Nazirliyi”nin xətti ilə təlim-məşq toplantısına gedirlər. Biz idmançıları yarışmaq üçün başqa bir ölkəyə göndərəndə həmişə yanlarında federasiyanın əməkdaşları ilə bərabər, Gənclər və İdman Nazirliyinin də nümayəndələri olur. Çünki bu, birbaşa rəsmi səfər sayılır. Lakin sözügedən hadisəyə bizim heç bir aidiyyətimiz yoxdur.
Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı Türkiyədəki otellərdən birində istirahət edənləri narahat etdiklərinə və qeyri-etik hərəkətlərinə görə oteldən qovulan idmançılar barədə danışarkən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib. O, idmançıların fərdi səfərləri zamanı baş verənlərə nazirliyin aidiyyəti olmadığını bildirib:
“Rəsmi səfərlərin məsuliyyəti birbaşa bizim üzərimizdədir. Lakin hər hansı idmançı öz hesabına istirahətə gedirsə, orda hansısa davranış qaydalarını pozursa, yaxud hansısa xoşagəlməyən rəftarına görə oteldən çıxarılırsa, bu artıq nazirliyin məsuliyyəti deyil. Bu, birbaşa həmin idmançının bir vətəndaş olaraq, ciddi məsuliyyətidir. Buna artıq biz bir rəy bildirə bilmərik. Çünki bu onun şəxsi işidir”.
Qeyd edək ki, Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı idmançıların dincəlmək istədikləri “Sirene Belek” otelindən qovulması barədə xəbər yayılıb.
Bu barədə yenicag.az-a sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, kikboksçu Orxan Məlikov, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqat Atakişiyev və güləşçi Turxan Qurbanov da olub. Onların oteldən qovulmasına səbəb özlərini ədəbsiz aparmaları olub. Bu ədəbsizliyə hovuz kənarında dincələn turistləri suya tullamaq, “Sirene”nın barında qadınlara sataşmaq və s. kimi davranışlar daxildir. Ailəvi istirahət məkanı olan “Sirene Belek”də idmançılarımızın özlərini son dərəcədə “sərbəst” aparmaları hotel sakinlərindən tutmuş heyətə kimi hamının canını boğazına yığıb. İki gündə çoxsaylı şikayətə səbəb olduqlarından rəhbərlik azərbaycanlıların istirahətini yarımçıq kəsərək, qrupu qapının ağzında qoyub.
Məlumatı Antaliyanın Belek bölgəsində yerləşən “Sirene Belek” otelindən də təsdiqləyiblər:
“Bəli, belə bir hadisə baş verib. Buna görə də çox məyusuq. Nəticədə məcbur qalıb, həmin şəxsləri oteldən uzaqlaşdırdıq. Buna səbəb isə qeyd etdiyiniz qonaqların uyğunsuz hərəkətləridir. Xüsusən də hovuz başında, ailələrin olduğu yerlərdə içkili halda turistlərə sataşıblar”, - deyə otel nümayəndəsi bildirib.