8 Sentyabr 2017 09:10
2 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyədə yaşayan azərbaycanlı professor, siyasət mütəxəssisi Toğrul İsmayılla müsahibəni təqdim edir.

- Toğrul bəy, Myanmada müsəlmanların kütləvi qırılması, dini və irqi ayrıseçkiliyə məruz qalması və nəhayətdə yaşadıqları ərazilərdən qovulması dramı yaşanır. Sizcə, Myanmada müsəlmanlara qarşı bu münasibətin kökü hardan qaynaqlanır?

- Açığını deyim ki, mən Myanmada nə baş verdiyini konkret deyə bilmərəm. Baş verənləri ancaq media vasitəsilə izləyirəm. Onu deyə bilərəm ki, Myanma zamanında Hindistandan ayrılıb. Türkiyə tarixən həmin bölgədə fəal olub. Üstəlik nəzərə almaq lazımdır ki, Arakan müsəlmanları zamanında Osmanlıya yardım ediblər. Yəni Hindistan coğrafiyasındakı müsəlmanlarla Osmanlının yaxın əlaqələri olub. İndiki Türkiyə Cümhuriyyəti də Arakanlı müsəlmanları müdafiə etməyi həm də mənəvi borc bilir. Burada müsəlmançılıq, qardaşlıq məsələsi də var, amma daha çox zamanında o bölgənin müsəlmanlarının göstərdiyi yardım məsələsi də olub. Odur ki, Türkiyə həmin bölgədə müsəlmanların öldürülməsi, ərazilərdən qovulmasını dayandırmaq üçün addımlar atır. Üstəlik Türkiyə təkcə müslmanlara qarşı törədilən haqsız soyqrıma görə deyil, insanlığa qarşı dünyanın hər bir yerində baş verən hadisəyə etirazını bildirir. Türkiyə Suriyada yezidilərlə bağlı, xristian dünyasında olan haqsızlıqlara da etiraz edib. Türkiyə məzlumları harada yaşamasından asılı olmayaraq hər zaman müdafiə edib.

- Bəs nədən dünya ölkələri Myanmada baş verənlərə susur?

- Hazırda Myanmada dövlət başçısı, milli lideri Nobel Sülh Mükafatı alan bir xanımdır. Beynəlxalq təşkilatlar həmin xanımdan Nobel Sülh Mükfatının geri alınması haqda çağırışlar edir. Konkret olaraq Myanmada baş verənlər insanlığa qarşı cinayətdir, hər kəsin bu duruma DUR deməsi lazımdır. Fikrimcə, işin içində müsəlmanlara qarşı bir faciə yaşadıldığı üçün böyük dövlətlər buna həssas yanaşmırlar. Hesab edirəm ki, bu da son illər islamın xristian ölkələrində yayılmasına qarşı ortaya qoyulan mövqe ilə bağlıdır. Diqqət etsəniz görərsiniz ki, modern dövlətlər içərisində buna daha çox Türkiyə reaksiya verir. Rusiya daxili müsəlmanlar buna reaksiya verir, baxmayaraq ki, Rusiya müsəlmanların çox yaşadığı ölkələrdən biridir, lakin bu ölkə vəziyyətə ciddi reaksiya göstərmir.

- Söhbət Rusiyadan düşmüşkən, Pekin və Moskva Asiyada olan bir sıra mühüm problemlərin həllinə maneə törədirlər. Konkret olaraq Şimali Koreya məsələsini qeyd etmək olar. Sizcə, bu ölkələrin məqsədi nədir?

- Şimali Koreya bu iki ölkə üçün həssas məsələdir. Fikrimcə, burada Rusiyadan çox Çinin mövqeyi əhəmiyyətlidir. Əlbəttə, Rusiyanı bir kənara qoymaq olmaz. Bu ölkələr uzun müddət bölgədə gərginliyin artmaması üçün müxtəlif formatlarda görüşlər həyata keçirməyə çalışırdılar. Görünən odur ki, Şimali Koreya məsələsi bir qədər də süni şişirdilən və gərginlik yaradılan məsələyə bənzəyir. Əslində, bu gərginliyin arxasında duran məsələlərdən biri ABŞ-ın regiona yerləşməsi məsələsidir. ABŞ bu məqamdan məharətlə istifadə edərək bölgədə yerləşib. Qara dənizdə yerləşmək üçün Krım məsələsindən məharətlə istifadə edən ABŞ indi də eyni dərəcədə Şimali Koreyanın davranışlarından faydalanaraq regionda yerləşməyə çalışır.

- Çin və Rusiya bu bölgədə ABŞ-ın güclənməsindən narahatdır?

- Əslinə baxsanız, ABŞ Çinin güc mərkəzi kimi gücünün artmasından narahatlıq duyduğuna görə, bu bölgədə daha da möhkəmlənmək xəttini aparır. Yəni ABŞ bu bölgədə yerləşmək, burada var olduqca baş verənləri nəxzarətdə saxlamaq niyyəti güdür. Başqa sözlə, həm də Çinin gücünü nəzarətdə saxlamaq istəyir. Bunun üçün Şimali Koreya və digər faktorlardan istifadə edən ABŞ həm bölgədə öz varlığını gücləndirəcək, həm də Çinin artan gücünü əngəlləyəcək.

- Rusiya və Çin buna qarşı hansı addımlar atır?

- Bu iki ölkə də regionda baş verənlərdən istifadə edərək öz güclərini artırmaq niyyətindədir. Onlar dolayısı yolla Koreyaya dəstək verirlər.

- Koreya yarımadasında müharibə ehtimalı varmı?

- Əslində, Şimali Koreyada mövcud olan rejimin davranışlarının necə olacağını söyləmək çətindir. Demokratik olmayan rejimlərdə kütlələr və toplumlar məsələni həll etmir. Həmin ölkələrdə məsələləri rejimin davranışları həll edir. Bu səbəbdən də bölgədə müşahidə olunan qarşıdurmalar fonunda nələrin baş verəcəyi əhəmiyyətlidir. Bu mənada hər şey gözləmək mümkündür. Hazırda gərginlik yüksək həddədir. Ancaq mən geniş masştablı müharibənin olacağını ehtimal etmirəm.

- İki gün öncə Prezident Tramp Cənubi Koreya və Yaponiyaya daha çox silah satışı haqqında qərar verdi. Koreya yarımadasında müşahidə olunan qlobal geosiyasi gərginliyin kölgəsində həm də iqtisadi maraqlar durmurmu?

- Sözsüz ki, burada iqtisadi-ticari məsələ var. İstənilən böhran, müharibə ehtimallarının yüksəlməsi həm də silah ticarətinin artması deməkdir. Bu gün statistikaya, hansı ölkələrin hansı ölkələrə silah satdığına diqqət edəndə görürük ki, daha çox kriz nöqtəsi olan regionlar öndə gedir. Bunlardan biri də Asiya Pasifik bölgəsidir. Bu regionda da ən böyük silah ticarətçilərindən biri ABŞ, digəri Çindir. Orta Yaxın Şərq və Latın Amerikası da silah satışında öndə gedir. Başqa sözlə, böhranlı bölgələr həm siyasət, həm müharibə, həm ticarət deməkdir. Yəni baş verənləri bir faktora bağlamaq doğru deyil. Böyük dövlətlər belə krizləri yaradır, onu idarə edir, möhkəmlənir, ticarətini artırır, rəqiblərini sıradan çıxarmağa çalışır və s.

- Deyirsiniz ki, bölgədə Çin və Rusiya eyni siyasət aparırlar. Bu iki ölkəyə müttəfiqq kimi baxılmalıdır, yoxsa rəqib kimi?

- Sözsüz ki, Çinlə Rusiya arasında da ciddi rəqabət var. Çin güclənən bir güc mərkəzidir və açığını deyək ki, Çin bu saat bölgədəki münaqişələrdən Rusiyadan daha məharətlə istifadə edərək yaymağa çalışır. Hələ Orta Asiya bölgəsinə ABŞ və ya Avropanın daxil olmasının qarşısının əngəllənməsi daha çox Çinin işinə yarayır. Amma Rusiya mövqeyindən baxanda hazırda Çin əsas oyunçulardan biridir və rusların ona ehtiyacı var. Zamanla bu iki münasibətlərin dəyişəcəyini deyə bilərik. Başqa sözlə, Amerika faktoru azaldıqca və Çinin gücləndikcə bölgədə onun ağırlığı hiss olunacaq. Çin güclənməkdə olan güc mərkəzidir, Rusiya isə əlində atom silahı olan və gücünü hər gün itirən mərkəzdir.

- Bizim regionda da maraqlı proseslər gedir. Ermənistan qəfildən NATO və Avropa Birliyi ilə isti münasibətlər qurmağa başladı, prezident Sərksiyanın Soçidə həmkarı Putinlə görüşdən sonra rəsmi İrəvan NATO ilə əməkdaşlığı faktiki dayandırdı. Bu prosesi necə qiymətləndirirsiniz?

- Əslində, Qafqazda kiçik, lokal oyunlar və mübarizələr davam edir. Ancaq bu gün Cənubi Qafqazda ciddi dəyişikliklərin olacağını söyləmək çətindir. Xüsusilə, Ermənistanın təkbaşına qərar verəcəyi və ya hansısa dövlətlər iş birliyinə gedəcəyini iddia etmək doğru olmazdı. Ermənistanın indiki halına baxanda məlum olur ki, bu ölkə tam Rusiyanın nəzarətindədir. Belə olduğu halda Ermənistanın təkbaşına və müstəqil siyasət aparacağını iddia etmək səhv olardı. O da aydındır ki, Rusiya bölgədə getdikcə gücünü artırır və bunun qarşılığında ABŞ, Avropa, eləcə də Türkiyə prosesləri iziləyir. Orada hər hansı bir dəngə dəyişməsi regionu yenidən təlatümə soxa bilər. Bu mənada hesab edirəm ki, müzakirə etdiymiz mövzu çox ciddidir və ona ehtiyatlı yanaşma tələb edir.

- Hazırda Türkiyə-Rusiya münasibətləri hansı mərhələdədir?

- Ankara-Moskva münasibətləri normal müstəvidə davam edir. Mən deməzdim ki, bu, estetik münasibətdir. Lakin ABŞ-ın bölgədə yürütdüyü və Türkiyənin maraqlarına tərs olan siyasət istər-istəməz Ankara-Moskva yaxınlaşmasını tələb edir. Amma Türkiyə-Rusiya münasibətlərində də problemlər var. İndilikdə biz deyə bilərik ki, iki dövlət arasında normal münasibətlər var və bu münasibətləri orta həddə dəyərləndirmək olar. Başqa sözlə, müdhiş dərəcədə yaxınlaşma və ya müdhiş dərəcədə geriləmə deyilən bir hal yoxdur. Sadəcə, bu iki ölkənin bir-birinə möhtac olduğu real siyasət üzərində münasibətlər qurduğunu görürük.

- Bu gün ABŞ-da keçirilən bir toplantıda Türkiyənin Rusiyadan S-400 raketə qarşı müdafiə sistemi almasından ciddi narahatlıq ifadə edilib. ABŞ sizcə nəyə və niyə etiraz edir?

- Bu, ABŞ-ın daxili işidir. Onlar narahatlıq keçirə bilər. Mən bunu ABŞ-ın silah ticarətinə zərbə kimi dəyərləndirə bilərəm. Başqa halda narahatlığa əsas görülmür. Nəzərə alın ki, Türkiyədən öncə belə silaha Yunanıstan sahib idi. NATO üzvü olan Yunanıstan Türkiyədə S-300 kompleksi almışdı və istifadə edir.

- Ancaq ABŞ-da hesab edirlər ki, Türkiyənin S-400 kompleksi alması Rusiyaya qarşı tətbiq edilən sanksiyanın bəlli maddəsinin pozulmasıdır...

- Bu, ola bilər. Ancaq onlar nəzərə almalıdır ki, Türkiyə ilk gündən bu sanksiyalara qatılmayıb və qatılmaq niyyətində də deyil.

İkincisi, sanksiya məsələsi ABŞ-ın indimi yadına düşüb? Türkiyə və Rusiya arasında baş verən təyyarə böhranı zamanı Vaşinqton nədən Türkiyənin yanında deyildi və Ankaraya dəstək ifadə etmirdi? O zaman harada idi? Əlbəttə, bu, siyasi məsələlərdir. Türkiyə də müstəqil dövlətdir və istədiyi məsələni istədiyi formada həll edə bilər.

- Bir müddət əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda yayılan xəbərlərin nəticəsi necə oldu?

- Bəli, bunlar müzakirə səviyyəsində ola bilir. Sözsüz ki, Türkiyə daxilində Ermənistanla sərhədlərin açılmasını istəyənlər, hətta Ermənistanla diplomatik əlaqələrin qurulmasını və Türkiyənin soyqrım həyata keçirdiyini iddia edən qruplar var. Ancaq bütün bunlar Türkiyə dövlətinin apardığı siyasətin xətləri deyil. Ermənistanla sərhədləri bu ölkə iddialarından vaz keçmədikcə, aqressiv hərəkətlərini dayandırmadıqca açılmaz.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indi ciddi diplomatik təmaslara rast gəlmirik. Siz, bu haqda nə düşünürsünüz?

- Türkiyədən baxanda hər hansı dəyişikliyin ola biləcəyini demək çətin görünür. Yəni işin arxasında olan Rusiya və Amerikanın hərəkətlərini gördükdə bəlli olur ki, bu güclər bölgədə vəziyyətin dəyişməsini istəmirlər. Üstəlik Dağlıq Qarabağdakı separatçı rejimin az qala müstəqil dövlət kimi fəaliyyətinə göz yumur, dolayısı ilə onları dəstəkləyirlər.

Əgər beynəlxalq konvensiyalara və hüquqa əməl edilsəydi, indi biz başqa reallıqlar görərdik. Amma nə yazıq ki, son dönəmlər əmin oluruq ki, kimsə beynəlxalq qanunlara və hüquqlara uymur. Azərbaycanın tək imkanı odur ki, öz gücünə və müttəfiqlərinə güvənərək, iqtisadi gücünü artıraraq regionda hakim rolunu əldə edə bilsin.


Müəllif: Cavad

Oxşar xəbərlər