16 Sentyabr 2017 08:57
2 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayna-Zerkalo” qəzetinin rəhbəri, siyasi analitik Elçin Şıxlı ilə Ukraynada baş verən hadisələr, Saakaşvilinin fəallaşması, Kürdüstanın müstəqillik referendumu, Suriya böhranı, Rusiya-Qərb qarşıdurmasından danışdıq. Onunla müsahibəni təqdim edirik:

- Elçin bəy, qəfildən Saakaşvilinin Polşada peyda olması, tərəfdarlarının səyi ilə Ukrayna ərazisinə qayıtması, siyasi bəyanatlar verməsi kortəbii prosesdir, ya necə?

- Hesab edirəm ki, bu, kortəbi özfəaliyyət deyil, siyasi layihədir. Ukraynada baş verənlər Qərb-Rusiya arasında mövcud olan “soyuq müharibənin” təzahürüdür. Daha sonra keçmiş SSRİ-də yaşayan və hazırda müstəqil olan dövlətlərin Rusiyanın təsir dairəsindən çıxmaq cəhdidir. Bu məsələdə də Saakaşvilinin şəxsiyyəti, xarakterinin xüsusiyyətləri və digər keyfiyyətlərindən istifadə olunur. Məncə, bu layihədir. Nəzərə alın ki, dəstəksiz və arxasız heç bir şəxs belə hərəkət edə bilməz. Və təbii ki, Ukrayna daxilində olan qüvvələr arasında mövcud vəziyyətdən xoşhal olmayanlar var. Onlar da Saakaşvili layihəsindən bəhrələnir. Nəzərə alaq ki, Saakaşvili başdan-ayağa rüşvət və korrupsiyadan əziyyət çəkən, Rusiyanın tapdağı altında olan Gürcüstanı qısa müddətdə qanunları işlək olan ölkəyə çevirə bilib. Fikrimcə, indi bu təcrübəni digər ölkələrə də yaymaq istəyirlər.

- Demək istəyirsiniz ki, Ukraynada Saakaşvili layihəsi baş tutsa, qısa müddətdə digər ölkələrə də yayılacaq?

- Yox. Mən deyə bilmərəm ki, yayılacaq. Məsələn, Tacikistana yayıla bilməz.

- Amma təsirləri ola bilər?

- Bəli, təsirləri mütləq olacaq. Bu proses Rusiya rəhbərliyində duran komandanın burnunu ovmağa yönəlib. Onların nə özləri yaşayır, nə də ətrafda olanlara yaşamağa imkan verirlər. Elə deyirlər ki, gəlin, başınıza qapaz vurum, sərvətinizə sahib olum və siz də mən istədiyim kimi yaşayın. Qardaş, mən öz istədiyim kimi yaşamaq istəyirəm. Bax bunu Rusiya rəhbərliyi istəmir.

- Ancaq mürəkkəb vəziyyət təkcə Ukraynada deyil. Myanmada müsəlmanları qırırlar, İraqda yenidən vətəndaş müharibəsi gözlənilir, Suriya böhranı hələ də davam edir, Şimali Koreyadan hər gün təhdidlər gəlir. Sanki dünya dağılma ərəfəsindədir...

- Nəzərə alın ki, indi kommunikasiya, texnologiya çox inkişaf edib. Bunun sayəsində Myanmada baş verən qırğından dərhal xəbər tuturuq. Unutmayaq ki, Myanmada müsəlmanları ancaq indi qırmırlar. 10 ildən çoxdur ki, həmin ölkədə müsəlmanlarla bağlı problem yaşanır. Sadəcə olaraq, indi müsəlmanlarla bağlı vəziyyət qızışıb. Həm də dəhşətlisi odur ki, Myanmada yaşayan müsəlmanların heç vətəndaşlıqları yoxdur. Üstəlik Suriyada, İraqda qırğınlar gedir. Məncə, Suriyada baş verən prosesin bu qədər uzanmasının günahkarı Moskvadır. Rusiya Suriyaya girməsəydi və sabiq ABŞ prezidenti Obama da yumşaq hərəkət etməsəydi, Suriya problemi həllini tapacaqdı. Yəni ciddi qarşıdurma olmayacaqdı. Ya Bəşər Əsəd istədiyini edəcəkdi, ya da hakimiyyətdən gedəcəkdi. Bu proseslərin hamısı Rusiya-Qərb qarşıdurmasının sərt təzahürləridir. İraqda da eyni vəziyyətdir. Biz bilməliyik ki, Qərbdəki həyat tərzi, onların özləri üçün qurduqları həyat yaxşıdır. Amma iş ondadır ki, ABŞ prezidenti və ya digər Qərb qüvvəsinin İraqda insanların necə yaşaması vecinə deyil. Onlar sadəcə olaraq ölkə rəhbərliyi ilə maraqlarına uyğun siyasət yürüdür. Əgər həmin ölkədə hakimiyyətdə olan şəxs başından böyük danışmırsa, sinəsinə döyüb demirsə ki, dünyanı dağıdaram, bu halda heç kim həmin şəxsin üzərinə gəlmir. Məsələn, Səddam Hüseynə heç kim dəyəsi deyildi. Amma Səddam durduğu yerdə Küveyti işğal etdi. Küveyt də İraqın tayı deyildi, zəngin ölkə idi və Qərbin orada böyük maraqları mövcud idi. Səddam bu hərəkətlərini dayandırmadı və sonda onun burnunu əzdilər. Qərb də İraqda onlara uyğun vəziyyətin olmasını istəyirdi. Onlar İraqa daxil oldular, Səddamı cəzalandırdılar, lakin istədikləri vəziyyəti yarada bilmədilər.

- Tramp yarada biləcək?

- Donald Tramp şoumendir. ABŞ-da seçki kampaniyası da əslində şou kimi bir şeydir. Tramp şounun nə olduğunu bildiyi üçün onu qazandı. Hələ mən bu qələbədə Rusiyanın dəstəyinin olub-olmadığını bir kənara qoyuram. Nəticə odur ki, Tramp seçkiləri qazandı, lakin bundan sonra ölkənin başında durmaq artıq siyasətdir. Bunun üçün sən siyasət adamı olmalısan, heç olmasa, diplomatiyadan anlayışın olmalıdır. Tramp da elə bilir ki, dövləti idarə etmək də şou kimi şeydir. İndi şounu udsa da, işləyə bilmir. Bu da bir problemdir. İndi dünyada böyük şəxsiyyətlər yoxdur. Sadəcə, Qərbdəki sistem elədir ki, Tramp istədiyini edə bilmir. Baxın, Tramp deyir ki, ölkəyə xaricdən mühacirlər gəlməsin, hansısa ştatın prokuroru da deyir ki, bu, qanunauyğun addım deyil və mən prezidentin bu sərəncamını ləğv edirəm.

- Bir neçə gündən sonra İraqın şimalında müstəqil Kürdüstan dövlətinin qurulması üçün referendum keçiriləcək. Necə düşünürsünüz: sentyabrın 25-dən sonra İraq qansız parçalanacaq, yoxsa vətəndaş müharibəsi başlayacaq?

- İraq çoxdan dağılıb və bölünüb. De-yure olmasa da, de-fakto belədir. Mənə elə gəlir ki, bu saat İraq Kürdüstanında olan sakitlik və nizam-intizam İraqın digər bölgələrində yoxdur. Heç Şimali İraq Kürd Muxtariyyətində terror və ya partlayış olması haqda xəbər eşitmisiniz? Yox. Onlar referendumu keçirəcək. Çünki 10 illərdir ki, silahlı mübarizə aparırlar və indi də siyasiləşiblər. Üstəlik görünən odur ki, dünyada olan böyük güclərin də tələblərinə uyğun şəkildə özlərini aparacaqlarına söz veriblər. Referendum da keçiriləcək. Referendumun nəticələrini kimin tanıyıb, tanımayacağı ayrı mövzudur.

Türkmanlara gəldikdə deyim ki, onlar elə bizik. Təəssüflər olsun ki, onlar zamanında təşkilatlanmadı və Türkiyə başda olmaqla müstəqil türk dövlətləri onların dərdlərinə həyan olmadı. Kərkük, Mosul həm də neftlə zəngin əraziləridir. Təbii ki, İraq kürdləri də bu əraziləri ələ keçirəcək, çünki dolanışıqları ordan olacaq.

Mən Məsud Bərzaninin BBC-yə verdiyi müsahibəyə baxdım. Bərzani siyasi baxımdan çox savadlı danışdı. Ona dedilər ki, türkmanlar və digər etnik qruplar var. O da, açıq dedi ki, biz referendumu keçirəcəyik, istəməyən yox deyə bilər. Üstəlik Bərzani dedi ki, Kərkükü zorla kürdləşdirmək niyyətləri yoxdur. Ancaq yalan deyir. Açıq mesaj verdi ki, onların müstəqilliyinə qarşı çıxan və əlinə silah alan şəxslərə qarşı sona qədər vuruşacaqlar. Bizim xoşumuz gəldi-gəlmədi, kürd milləti var və onlar da müstəqil olmaq istəyir. Məncə, buna təbii və normal baxmaq lazımdır. Deyirlər ki, mən bu mağarada, kahada yaşayıram və mövcudam, müstəqillik də istəyirəm. Sadəcə, onların istəyi sivil yollarla nəzərə alınmalıdır. O da məlumdur ki, İraq ərazisində kürdlərin dövləti qurulacaqsa, bu, zəncirvari proses kimi digər bölgə dövlətlərinə də təsir edəcək. Başqa sözlə, Suriyadan, İrandan və təəssüflər olsun ki, Türkiyədən də ərazilər qoparıla bilər. Və ya mümkündür ki, böyük mərkəzlər kürdlərə deyəcək ki, götürdüyünüz torpaqlar bəsinizdir və səs-küy salmayın. Bunun necə olacağını zaman göstərəcək. Amma bütün hallarda bu dövlətin qurulması təhddidir və zəncirvari reaksiyaya səbəb ola bilər. İndiki türk iqtidarı üçün bu böyük problem olacaq, çünki vaxtında ciddi səhv buraxıblar. Türkiyə NATO ölkəsidir, amma gedib Putinin ətəyindən yapşıb. Problemlərdən biri də budur.

- İraq və Suriyadan torpaq qoparmaq mümkündür, çünki bu dövlətlər zəifdir və mərkəzi hakimiyyət də faktiki hökmünü keçirə bilmir. Türkiyə və İran kimi yüz illik dövlətçilik təcrübəsi olan dövlətdən torpaq qoparmaq mümkündürmü?

- Yaxın Şərq artıq qana boyanıb. Millət bir-birini qırır. Partlayışları da nə alman, nə fransız, nə də ingilis edir. Elə özümüz, müsəlmanlar edir. Bu proses təəssüflər olsun ki, gedir.

Dünən Almaniyada beynəlxalq Frankfurt Avtomobil Sərgisi keçirilib. Kansler Merkeldən tutmuş federal torpaq rəhbərliyinə qədər hər kəs orada iştirak edirdi. Həmin sərgidə çıxış edən sahə nazirləri deyirlər ki, 2020-ci ilə qədər Almaniya alternativ enerji və benzinlə işləməyən avtomobillərin inkişafına, habelə infrostrukturunun yaradılmasına 40 milyard avro pul ayıracaq. Bu o deməkdir ki, 20-30 ildən sonra nə neftə, nə qaza, nə də daş-kömürə ehtiyac qalacaq. Bir sözlə, hidrogen, hibrid, elektrik enerjisi ilə işləyən avtomobillər ortaya çıxacaq. Müsəlmanlar isə hələ də neft və qaz hayındadır. Dünya dəyişir, müsəlmanlar isə orta əsrlərdə olduğu kimi düşünür. Problemimiz bundan qaynaqlanır.


Müəllif: Cavad