Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi tarixi hadisədir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib. O qeyd edib ki, dəmiryolunun istifadə verilməsi Azərbaycanın İpək Yolu strategiyasının tərkib hissəsidir: “Bundan əlavə, Bakı-Tiflis-Qars layihəsinin işə düşməsi ilə türk dövlətləri arasında nəqliyyat dəhlizi yaradıldı. Bu dəhliz türk dövlətlərinin iqtisadi, mədəni, ticarət sahəsində əməkdaşlığını daha da gücləndirəcək. Mərkəzi Asiya ölkələri Avropaya çıxış əldə etdi, Asiya ilə Avropanın ticarəti, nəqliyyatı daha da asanlaşdı”.
Layihənin baş tutmaması üçün ciddi mübarizə aparıldığını xatırladan A.Mollazadə ermənilərin, erməni lobbisinin və Ermənistanın sahiblərinin bu layihənin uğursuz olmasına çalışdıqlarını vurğulayıb: “Məhz bu baxımdan oktyabrın 30-u Azərbaycanın tarixi qələbəsidir”.
Bakı-Tiflis-Qars layihəsinin Ermənistanın təcridi kimi xırda məqsədləri özündə ehtiva etmədiyini vurğulayan deputat rəsmi İrəvanın öz-özünü təcrid etdiyini deyib: “Ermənistan müstəqilliyini itirmiş hərbi bazadır. Təcavüzkar ölkə bundan daha öncə özünü elə təcrid edib ki.. Söhbət təkcə nəqliyyat dəhlizindən kənarda qalmaqdan getmir. Ermənistan artıq iqtisadiyyatını itirmiş, silahlı qüvvələrini Rusiya təhvil vermiş bir ölkədir. Bu ölkənin iqtisadiyyatının bütün strateji istiqamətləri Rusiya tərəfindən özəlləşdirilib. Hazırda Ermənistan əhalinin tərk etdiyi, hərbi cinayətkar rejimin əlində olan bir bölgədir. Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin isə böyük tarixi, siyasi və iqtisadi əhəmiyyəti var. Burda söhbət Ermənistanın təcridi kimi xırda məsələdən getmir. Ermənistanın təcridi kimi xırda məsələnin, ümumiyyətlə müzakirəsinə dəyməz”.
Deputat qeyd edib ki, əslində Azərbaycan bu nailiyyətə imza atmaqla bölgəmizi əməkdaşlıq bölgəsinə çevirdi. Bu bölgəyə dünyanın diqqətini cəlb etdi və həm Asiya, həm də Avropada bu real layihədən ciddi mənfəət gözlənilir.
A.Mollazadə bu hadisənin Ermənistana mesaj olduğunu bildirsə də, İrəvanın bundan dərs çıxaracağını düşünmədiyini vurğulayıb. “Ermənistan bu istiqamətdə heç vaxt pozitiv addım atmayacaq”, deyən müsahibimiz fikirlərini qərarların İrəvanda verilməməsi ilə əsaslandırıb. Onun sözlərinə görə, İrəvan buna qadir deyil: “Ermənistan müstəqil dövlət deyil ki, hansısa qərarlar versin, bu istiqamətdə danışıqlar apara bilsin. Bu məsələni Ermənistanın sahibləri müəyyənləşdirirlər”.