Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin ilk yarısında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən istiqamətləndirilmiş 21 nəfər insan alveri qurbanını və müxtəlif QHT-lər tərəfindən yönləndirilən, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 20 nəfəri müvafiq yardımlarla təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 20 nəfərə hüquqi, 6 nəfərə psixoloji, 3 nəfərə tibbi, 3 nəfərə maddi yardımın göstərilməsi təşkil edilib.
Həmçinin 8 nəfərin ailələrinə ünvanlı dövlət sosial yardımının təyin olunması hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə, 4 nəfərin məşğulluğunun təmin olunması, 1 nəfərin peşə hazırlığı kursuna cəlb edilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilib. 2 nəfərin sosial xidmət müəssisəsinə, 1 nəfərin övladının körpələr evi-uşaq bağçasına yerləşdirilməsi, 1 nəfər zərərçəkmişin övladının əlil arabası ilə təmin olunması, daha 1 nəfər zərərçəkmişin hüquqlarının təmin edilməsi üçün aidiyyəti işlər aparılıb.
Qeyd olunan zərərçəkmişlərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin edilib. Ehtiyac olduğu hallarda ayrı-ayrı zərəçəkmişlər Gəncədə yerləşən İnsan alveri və potensial insan alveri qurbanlarının Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzində yeləşdirilib. Mərkəz tərəfindən insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı ictimai məlumatlılığın artırılması üçün müxtəlif formalarda maarifləndirmə işləri də görülüb.
/publika.az/