19 Dekabr 2017 10:51
7 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa Əkrəm Əylisli ilə bağlı yazdığı yazıda Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri ilə bağlı iki eşidilməmiş faktı qələmə aldı. Ondan sonra yazıçı-publisist Həmid Herisçi saytımıza verdiyi açıqlamada fakta aydınlıq gətirməsə də, Fazil Mustafanı sərt şəkildə qınadı, məsələ ilə tarixçilərin məşğul olmasının düz saydığını, hadisələrə bu günün rakursundan baxmağın yanlış olduğunu dilə gətirdi.

Teleqraf.com mövzunu diqqətdə saxlayaraq millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir.

- Fazil bəy, Həmid Herisçinin sizin dilə gətirdiyiniz faktlarla bağlı açıqlamasında bir məqam vardı: hadisələrə bu günün reallıqlarından baxmaq olmaz, tarixi şəraiti nəzərə almaq lazımdır. Müəyyən məqamlarda bu məntiq doğru olsa da, sizcə hansısa tarixi şərait milli mənafeyə zidd getməyə haqq qazandırırmı?

- Ümumiyyətlə, milli mənafe deyilən şey nədir? Milli mənafe deyilən şey yalandırsa, gopdursa, fırıldaqdan ibarətdirsə, onu milli mənafe adlandırmaq olmaz. Tarixi faktlar var. Bu faktları gizlətmək olmaz. Məsələn, Nərimanovun fəaliyyətində Azərbaycanın maraqlarına uyğun olmayan kifayət qədər faktlar var. Amma eyni zamanda bu günümüz üçün gördüyü işlər də var. Əgər Azərbaycanın əleyhinə olan şeyləri gizlədib, xeyrinə olanları tərifləyiriksə, belə olmaz. Tarixə bu cür yanaşmaq olmaz. Mənim açıqlamamda bu kimi faktları sadalamaqda məqsədim kimisə ifşa etmək deyil, məqsədim odur ki, bir epizoda görə, hansısa tarixi şəxsiyyəti bütövlükdə düşmən olaraq görmək yalnışdır. Mən Pişəvəri, Xiyabani məsələsinə də o tərəfdən yanaşmışam. Yəni, Nazim Hikməti vətən xaini kimi qələmə verib onu gözdən salmaq, tarixdən silmək mümkün deyil. Eyni məsələni də bu kontekstdə izah etmişəm. Amma adamlar faktı bir qırağa qoyub mənə deyirlər ki, faktın əhəmiyyəti yoxdur, niyə düşmənçilik kontekstindən yanaşırsan? Biz belə yanaşmırıq, əksinə, biz deyirik ki, Pişəvərinin də yanlış addımları olub, amma bu yanlışlara görə, onun sonrakı fəaliyyətinə, xidmətinə kölgə salmaq olmaz. Mahiyyət budur. Amma dərhal cavab verirlər ki, bu məsələylə ciddi araşdırmaçılar, tarixçilər məşğul olmalıdır. Ciddi araşdırmaçılar deyəndə kimi nəzərdə tuturlar? O dövrü bizdən yaxşı kim araşdıra bilər ki? Varsa, qoy onu çıxartsınlar qabağa. Əgər Həmid Herisçi çıxıbsa qabağa, onda mənə ciddi olduğunu sübut eləsin. Dəfələrlə onun verilişlərində də olmuşuq, onun dediyi tarixçilərlə polemika da aparmışıq, öz fikirlərimizi də əsaslandırmışıq. Bu cür əsassız irad bildirmək lazım deyil. Faktı təkzib edir ki, belə bir şey olmayıb? Mən yazıramsa, deməli, bu olubdur, əsassız yazmaram axı. Doğrudur, biz bu günün reallığından baxmalıyıq məsələyə. Bu günün reallığından baxdığımıza görə, onları ittiham etmirik. Sadəcə, etdikləri səhvlər kimi baxırıq.

- 1919-cu ildə ermənilər Qarabağda qətliam törədəndə Azərbaycan ordusu yardıma gedirdi. O zaman (vikipediya məlumatına görə) dəstəsində 100 erməninin də döyüşdüyü, özü də erməni kəndi Ərkəcdə sığınacaq tapan Qatır Məmməd bolşeviklərin tapşırığıyla Gəncədən keçən dəmir yolunu dağıtmışdı. Onun beynəlmiləlçi olması o zaman onu haqlı edirdimi?

- Xeyr, haqlı etmirdi. Qatır Məmməd də Azərbaycanın müstəqilliyinə qarşı vuruşan biri olub. Buna nə haqq qazandıra bilərik? Sadəcə, bizə qəhrəman kimi sırıyıblar. Biz də heç nəyi düşünmədən, süzgəcdən keçirtmədən beynimizə yığırıq. İllər keçir, zaman dəyişir, müstəqillik də qazanırıq, yenə də sovet höküməti kimə qəhrəman deyirsə, inadla onun üzərində dururuq ki, bu bizim qəhrəmanımızdır. Yenə də Qaçaq Kərəm, Cavad xan qalır kölgədə, hansı ki, bu adamlar gerçək türk qəhrəmanlarıdır, biz isə Babəki, Qatır Məmmədi, Qaçaq Nəbini qəhrəman hesab edirik. Bilirsiz, bu kimi məsələlərdə cəmiyyətin ümumi axarına düşüb, üstündən keçib getmək də olar. Amma bir ziyalı kimi borcumuzdur ki, düşüncə sisteminin mühakimə tərzinin dəyişməsinə yardımçı olaq. Qatır Məmməd ermənilərlə birlikdə bir başa hökümətə qarşı vuruşubsa, biz bunu necə özümüzdən saya bilərik? Hər kəs tarixi şəxsiyyət ola bilər, amma bizim qəhrəmanımız olmağı hər kəs bacarmaz.

- Eləcə də dilə gətirdiyiniz Pişəvəri və Xiyabani məsələsinə də Həmid Herisçinin məntiqi ilə yanaşmaq olarmı? Əlbəttə, məqsəd kimisə gözdən salmaq deyil, prinsipləri müəyyənləşdirməkdir. Üstəlik də söhbət ədəbiyyatdan yox, siyasətdən gedir...

- Xeyr, düzgün deyil. Ona görə ki, Pişəvəri və Xiyabani kimilərinin ümumilli tarixi lider kimi təqdim olunmasının ciddi əsasları yoxdur. Bunlar tarixi şəxsiyyətlərdir, Azərbaycanı da müəyyən dərəcədə sevən insanlar olublar, amma kifayət qədər yalnışları da olub. Və hansı sistemin tərkibində hansı niyyətlə addımlar atdıqları da bu gün mübahisəli olaraq qalır. Ona görə də Azərbaycan üçün gördükləri müsbət işləri vurğulamalıyıq, amma daha çox İrançı zehniyyətin möhkəmlənməsində xüsusi ilə də, Xiyabani dövrünün dövlət adamlarına daha diqqətlə yanaşmalıyıq. Bəlkə sovet dövründə bizə lazım idi ki, Güney Azərbaycanda baş verən hərəkatları bizim milli oyanış dövrü kimi xarakterizə edək. Amma bu, mahiyyətcə belə deyildi. Pişəvəri hərəkatı isə fərqlidir. Bu hərəkat Sovet sisteminin yaratdığı imkanlardan istifadə edərək, güneydə bir müstəqil dövlət qurmaq ideyasını gerçəkləşdirməli idi. Və buna görə də onu Azərbaycan davasının şəhidlərindən biri kimi saymaq olar. Amma 1918-ci ildə türk ordusu Azərbaycana köməyə gələndə onların atdığı addımları vəhşilik kimi xarakterizə etməsi, ermənilərin sanki məhv edilməsi kimi qiymətləndirməsi yalnış addım idi və mən də bunu vurğulamışam. Tarixi şəxsiyyətləri artıq ideallaşdırmaq dövrü keçib. Biz onların arasından faydalı olanlarını seçməliyik.

- Bu dedikləriniz həqiqətən olubsa, Həmid Herisçinin onları müdafiə etməkdə məqsədi nə ola bilər?

- Güney Azərbaycana bağlı olması ola bilər. Təbii ki, bu, subyektiv fikirdir. Mən onun müdafiə etməsinə qarşı bir fikir demirəm. Bu onun haqqıdır. Kimsə kimisə müdafiə də edə bilər, kimsə kimisə Azərbaycanın qəhrəmanı da saya bilər. Məsələn, mən Nuru paşanı Azərbaycanın qəhrəmanı hesab edirəmsə, kimsə bunu bu cür qiymətləndirməyə bilər. Amma açdığımız müzakirədə bizi sanki heç nə bilməyən biri kimi qiymətləndirmək yalnışdır. Əgər bir fikir irəli sürürüksə, deməli, əsassız deyil. Bizim bu barədə kifayət qədər geniş araşdırmalarımız, mütaliəmiz var və buna arxalanıb hansısa fikirlər söyləyirik. Və fikirləri söyləyərkən də o dövrün şəxsiyyətlərinə istinad edirik. O şəxsiyyətlərin başında da Məmməd Əmin Rəsulzadə gəlir. Xatırlayırsınızsa, o zamanlar Seyid Həsən Tağızadə Azərbaycan hərəkatının ən görkəmli nümayəndələrindən biri idi. Rəsulzadə haqqında ən yüksək fikirləri söyləyənlərdən biri idi. Amma Rəsulzadə dövlətin adını Azərbaycan qoyanda buna ən çox etiraz edən də Seyid Həsən Tağızadə ilə Pişəvəri idi. Müstəqil Azərbaycan dövlətinin mövcudluğuna qarşı mövqe ortaya qoymuşdular. Belə şeyləri gizlətmək olmaz axı. Deməli, bizim tərəfdən də bunların qeyd olunmasında problem yoxdur və belə həqiqətlərin üzə çıxmasından da qorxmaq lazım deyil. Əksinə müzakirə edib, doğruları tapmaq daha məqbuldur.

- Bir çox tarixçi-alimlə bu məsələylə bağlı əlaqə saxladıq, münasibətlərini öyrənmək istədik, ancaq demək olar ki, hamısı boyun qaçırdı. Bu nə ilə bağlıdır?

- Bunun səbəbi odur ki, Azərbaycanda bəzi insanlar var ki, həqiqətləri söyləyəndə hökümətdən, bəziləri muxalifətdən, bəziləri də haqdan qorxurlar. Amma burda təkcə haqdan qorxmaq lazımdır. Doğruları cəmiyyətə söyləməyin heç bir zərəri yoxdur. Bəziləri elə bilir ki, biz yeni qurulmuş dövlətik, kiçik xalqıq, hansısa qəhrəmanımız yoxa çıxsa batarıq, amma heç kəs fikirləşmir ki, Amerika hindulardan əvvəlki tarixi uydurmağa maraq göstərmir. Amma bu gün dünyanın super gücüdür, aparıcı qüvvəsidir. Biz də bu yolu tutmalıyıq. Şişirdilmiş obrazlardan uzaq durmağı bacarmalıyıq. Həm də ziyalı borcu deyilən bir şey var. Vaxti ilə bunu Xudu Məmmədovda müşahidə etmişəm. Ziyalı olandan sonra, özu kimi bir sitem formalaşdırdı ki, insanlar yetişsinlər, bir məqsəd ətrafında toplaşa bilsinlər.

- Yeri gəlmişkən, dediyiniz faktlarla bağlı mənbələr varmı?

- Mənbələr var. O dövrün qəzetlərində çap olunub. Ayrı-ayrı araşdırmaçıların kitablarında da var. İndi konkret səhifə ilə deyə bilmərəm. Bu, hər kəsin bildiyi bir şeydir. Xiyabaninin bioqrafiyasında da var, Qarsa sürgün olunması, türk ordusu ilə münasibətlərinin pozulması, sonra da 10 minlik daşnaq ordusu Azərbaycandan çıxıb Təbrizə gələndə onlarla sıx əlaqədə olması. Güney Azərbaycanla bağlı tarixi araşdırmaların hamısında var.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər