Bir az əvvəl Rusiya televiziyasında çox sevdiyim Leo Bokeriyanın – gürcü əsilli dünya şöhrətli həkimin “qızıl əlləri”ndən sağ-salamat çıxan 5000-ci ürəkdə aparılan uğurlu cərrahiyyə əməliyyatı haqda süjet yayımlanırdı. Cəmi 4 günlük körpənin anadangəlmə fiziki qüsuru bir başqa insanın işıqlı zəkası, dərin biliyi və böyük qəlbi hesabına aradan qalxırdı.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
O qeyd edib ki, sevinc göz yaşlarına boğulan ananın qarşısında həkimin dedikləri çox ibrətamizdir:
“Diqqət edin, Leo Bokeriya deyir: ”İnsanlar cəmiyyət üçün xeyirxah iş görmək istəyəndə adətən, gedib ağac əkirlər. Lakin nə etmələrindən asılı olmayaraq, yaradan insanların hamısı ehtirama layiqdir!” Gerçəkdən də ilahi fikirlərdir. İsa Məsihin xilaskarlıq missiyasını davam etdirərək, XXI əsrin elçisinə çevrilməyin yolu ayrıca bir din yaratmaqda deyil, yetər ki, heç olmasa bir insan qəlbini sevindirəsən, ona dinclik və inam bəxş edəsən. Yaradan insanların hamısı seçilən bəndələrdir. Təkcə statusları fərqlənə bilər – amma ağ xalatlı Leodan peyğəmbərlərə doğru gedən yol eynidir…”
Z.Oruc bildirib ki, sadə xalqın dilində “ürək çatışmazlığı” deyilən bir diaqnoz var:
“Onu hər kəs hərfi mənada anlayır. Halbuki, dünyada qəddarlığı, qırğınları, müharibəni körükləyənlər ürəyi sağlam, qəlbi xəstə olanlardır.
2017-ci ilin epiloqu, 2018-ci ilin proloqu sayıla biləcək milyonlarla dəbdəbəli sözün hamısında bir ideya əksini tapmalıdır – yaradan hər kəs xilaskardır...
Mübarək bayram dualarımızı hər birinizə ünvanlayarkən hamınıza sözün həqiqi mənasında “xilaskar” olmağı arzulayıram. Ömür başqası ilə paylaşılanda əbədi olur!”