İranda hökümət əleyhinə etiraz aksiyaları davam edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İranın İsfahan, Səbzəvar, Məlayer, Nurabad, Tehran, Həmədan, Sənəndəc, Xürrəmabad, İzə, Şiraz və bir neçə digər şəhərində hakimiyyətə qarşı etirazlar qarşıdurmalara gətirib çıxarıb.
Tehranda keçirilən aksiyada “Xameneyiyə ölüm”, “Diktatora ölüm”, “Millət acından dilənir, Ağa isə Allahlıq edir”, “Axıra qədər vuruşub İranı axundların cəngindən qurtararıq”, "Hizbullaha ölüm" və digər şüarlar səsləndirilib.
Loristan əyalətinin Nurabad şəhərində keçirilən dinc etirazlarda hökumət qüvvələri odlu silahdan atəş açaraq gənc bir aksiyaçını öldürüblər.
İsfahanda keçirilən aksiyada isə etirazçılarla hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə onlarla gənc aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb.
Xatırladaq ki, bir həftədir İranın 70-ə yaxın şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xameneyiyə qarşı kütləvi etirazlar keçirilir. Aksiyalar zamanı ən azı 28 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1000-dən çox insan həbs edilib.