17 Yanvar 2018 19:11
2 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamaları ilə ölkə gündəmini alt-üst etdi.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Yadigar Nağıyev deyib.

O qeyd edib ki, R.T.Ərdoğanın çıxışı II Fərat Qalxanı əməliyyatının olacağından xəbər verir:

“Əgər bu əməliyyat həyata keçirilərsə, Suriya müxalif qüvvələri və kürd birləşmələri arasında mövcud qarşıdurmada birincilər qalib gəlmiş olacaq. Bundan öncəki Fərat Qalxanı əməliyyatı nəticəsində sərhədyanı əraziləri tərk edən kürd birləşmələrini məhz Suriya müxalif qüvvələrinin əvəz etdiyi faktdır”.

Analitik əlavə edib ki, Türkiyə bu əməliyyatla həm öz sərhədyanı təhlükəsizliyini təmin edəcək, həm də regionda müttəfiqlərini gücləndirəcək:

“Bu hal Türkiyənin regionda nüfuzunu daha da artıracaq. Ancaq bölgədə rus hərbi bazaları mövcuddur ki, bu da Suriya ərazisində Rusiyanın təsir rıçaqlarının olmasını şərtləndirən amildir. Türkiyə bu əməliyyatı həyata keçirə bilmək üçün ilk növbədə Rusiya ilə anlaşmalıdır. Çünki Ankara I Fərat Qalxanı əməliyyatında ABŞ-ın mövqeyini deyil, sərhədyanı ərazilərinin təhlükəsizliyini əsas götürdü”.

Y.Nağıyevin fikrincə, R.T.Ərdoğan bu çıxışı ilə ABŞ-a gözdağı verərək hazırkı şərtlər daxilində Avrasiya bölgəsində Vaşinqtonla əməkdaşlığın mümkün olmadığına eyham vurub:

“Zənnimcə, Ərdoğanın “mən Donald Trampla bir dəfə danışıb məsələni izah etdim. Ancaq o bunu anlamaq istəmədi. Bu dəfə ilk zəng edən əsla mən olmayacam”, - cümləsi də bundan xəbər verir. “Terrorçuları terrorçularla təmizləmək olmaz. Vaxt gələr bu terrorçular ABŞ-ı da təhdid edər” sözləri də Ərdoğanın Vaşinqtona mesajıdır. Buna baxmayaraq, Ərdoğan ABŞ-la körpüləri tamamilə yandırmır, Vaşinqtonun regional siyasətinin dəyişəcəyi halda dialoqun bərpa olunacağına əl yeri qoyur. Ərdoğan, indiki halda, sadəcə diplomatiyanın inandırma metodundan istifadə edərək, ABŞ-ın kürdləri yox, türkmənləri dəstəkləməsini və Türkiyə ilə ortaq mövqedən çıxış etməsini istəyir. Ancaq Vaşinqtonun siyasətinin yaxın müddətdə dəyişəcəyini gözləmək də yersizdir.

Fikrimcə, ABŞ Türkiyə-ABŞ əlaqələrinin güclənməsi üçün Fətullah Güləni qurban verməlidir. Vaşinqton istəsə, bunu edə bilər, necə ki, vaxtilə PKK terror təşkilatının lideri Abdullah Öcalanın Keniyada həbs olunub Türkiyəyə təhvil verilməsində ABŞ kəşfiyyatının da mühüm rolu olmuşdu”.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dünənki çıxışı zamanı Afrin ərazisində kürd terror birləşmələrinin güclənməsini və ABŞ-ın terror təşkilatlarını silahlandırmasını sərt şəkildə tənqid edib. “Afrin ərazisində yüksələn terror riski və sərhədyanı ərazilərin təhlükəsizliyinin pozulması yolverilməz haldır və Türkiyə Silahlı Qüvvələri bunun qarşısını qətiyyətlə alacaq. Türkiyə Silahlı Qüvvləri qısa müddətdə Afrin və Münbiç hərəkatlarına başlayacaq”, – deyə Ərdoğan bildirib.

“Bağışlayın, bəzi ayağı kirlilər bizi Suriyada bizi təhdid edir. Siz terrorçularda olan uniformalarınızı götürün ki, biz sizin uniformalarınızı terrorçularla birgə dəfn etməyək”, – deyə Türkiyə Prezidenti əlavə edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər