Xarici işlər nazirlərinin görüşü Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinin növbəti mərhələsidir.
Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Krakovda keçiriləcək görüşündən gözləntilərini Teleqraf.com-la bölüşən politoloq Fikrət Sadıqov deyib.
O, qeyd edib ki, görüşdə bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur:
“İlk növbədə cəbhə xəttindəki vəziyyət, dövlət başçılarının görüşlərinin nəticəsi müzakirə olunacaq. Çünki dövlət başçılarının görüşlərində nazirlərə tapşırıqlar verilir və sair. Görüş Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun həqiqətən də çox maraqlı bəyanatından sonraya təsadüf edir. Bu bəyanat Azərbaycanın maraqlarına cavab verir. Biz dəfələrlə demişik ki, məsələni ancaq mərhələli şəkildə həll etmək lazımdır. Ermənistan uzun illər ərzində münaqişənin həllində “paket həll” variantına üstünlük verirdi və dəfələrlə bizə şərt qoyurdu ki, əvvəlcə Dağlıq Qarabağı dövlət qurumu kimi tanıyın, sonra isə biz Dağlıq Qarabağ istisna olmaqla işğal altındakı digər rayonları azad edə bilərik. Bu mənada Lavrovun bəyanatı əslində Ermənistanın mövqeyini alt-üst edir. Mən Lavrovun bəyanatının arxasında nəyin dayandığını bilmirəm. Amma reallıq bundan ibarətdir”.
F.Sadıqov qeyd edib ki, bu bəyanat fonunda nazirlərin görüşü, məsələnin mərhələli şəkildə həll olunması çox müsbət amildir:
“Mən nazirlərin görüşü zamanı bütün ciddi, prinsipial məsələlərin həll olunacağına əmin deyiləm. Amma hər halda Azərbaycanın prinsipial və qəti mövqeyi bəllidir. Biz bunu dəfələrlə səsləndirmişik. Düşünürəm ki, bizim bu istiqamətdə mövqeyimiz dəyişilməz olaraq qalacaq”.
Nazirlərin görüşünün 2018-ci ildə keçirilən ilk görüş olmasına diqqəti yönəldən politoloq deyib:
“Onu da yaddan çıxarmayaq ki, bu görüş Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilir. Əlbəttə, həmsədrlər müəyyən təkliflər irəli sürməlidirlər. Onların iştirakı formal yanaşma ilə məhdudlaşmamalıdır. Onlar başa düşməlidirlər ki, beynəlxalq hüquq normaları yerinə yetirilməlidir. Çünki Azərbaycanın təcavüzə məruz qalması, 1 milyon qaçqın və məcburi köçkünün olması göz qabağındadır”.
Qeyd eək ki, bu gün Polşanın Krakov şəhərində Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşü keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Üç gün öncə – yanvarın 15-də isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə sualı cavablandırarkən indi əsas məsələnin təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdan ibarət olduğunu bildirib. O deyib:
“Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfinin S.Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışladığını açıqlayıb.