24 Yanvar 2018 13:29
2 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan jurnalisti Ülviyyə Şamilqızının Rusiyanın Həştərxan şəhərində vaxtsız ölümü onun ailəsində baş verən ilk faciə deyil.

Teleqraf.com xəbər verir ki, mərhumun atası Şamil Məmmədov Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb. Bu günə qədər sağ qalıb-qalmadığından xəbər yoxdur. O, sonuncu dəfə 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alıb. Ancaq əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Döyüş bölgəsində vəziyyətin ağır olduğunu görüb əsgərlərinin yanında qalır. Bu vaxt ermənilər hücuma keçib. Əsgərlərdən bir neçəsi yaralanıb.

Yaralıların olduğu ərazi atəş altında saxlandığından yaralıları döyüş meydanından çıxarmaq mümkün olmayıb. Gizir Şamil Məmmədov yaralı əsgərləri xilas etmək üçün həmin əraziyə doğru irəliləyib. Amma özü də yaralanaraq həmin ərazidə qalıb. Vəziyyət getdikcə daha da ağırlaşdığından hərbçilərimiz döyüş mövqelərini itirərək, geri çəkilməyə məcbur olub. Bu səbəbdən gizir Şamil Məmmədovla yanaşı, bir neçə yaralı əsgəri də ərazidən uzaqlaşdırmaq mümkün olmayıb. Həmin vaxtdan bu günə kimi də ailə üzvləri ondan hər hansı məlumat ala bilməyib. Hazırda Şamil Məmmədova şəhid statusu verilib.

Qeyd edək ki, Ülviyyə Şamilqızını dəfn etmək üçün, doğulduğu Gəncə şəhərinə aparacaqlar.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər